“Xocalıya ədalət!” kampaniyası Braziliyanın ali təhsil müəssisələrini də əhatə edir
Bakı, 28 fevral (AZƏRTAC). Braziliyanın Parana Ştatının Kuritiba şəhərindəki Kuritiba Universitetində və Parana Ali Təhsil Universitetində “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində silsilə tədbirlər keçirilmişdir.
“Xocalıya Ədalət!” kampaniyasının yerli əlaqələndiricisi Joao Xavier Zimmerin təşəbbüsü ilə təşkil olunan tədbirlərdə bu universitetlərin 400-ə yaxın müəllim və tələbə heyəti iştirak etmişdir.
Azərbaycanın Braziliyadakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, J.Zimmer tədbir iştirakçılarına Xocalı faciəsi haqqında ətraflı məlumat vermiş, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” Beynəlxalq kampaniyası çərçivəsində müxtəlif ölkələrdə görülən işlərdən bəhs etmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan J.Zimmer Azərbaycanın hələ də erməni işğalından əziyyət çəkdiyini qeyd etmiş, bir milyondan artıq insanın qaçqın və məcburi köçkün vəziyyətində yaşadığını diqqətə çatdırmışdır.
Tədbirin sonunda Xocalı faciəsindən bəhs edən sənədli film nümayiş etdirilmiş və “Xocalıya ədalət!” loqotipli materiallar paylanılmışdır.