Xocavəndin Hadrut qəsəbəsində əkin üçün torpaq sahələrinin güzəştli icarəsinə müraciətlərin qəbuluna başlanılıb
Bakı, 9 iyul, AZƏRTAC
Xocavənd rayonunun Hadrut qəsəbəsində kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədilə güzəştli şərtlərlə icarəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanılıb.
Kənd Təsərrüfatı Nazirliyindən (KTN) AZƏRTAC-a bildirilib ki, bu gündən etibarən müraciətlər Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) vasitəsilə eagro.az portalı üzərindən qəbul edilir. Hadrut qəsəbəsində məskunlaşan və yaşayan sakinlər avqustun 9-dək elektron qaydada müraciət edə bilərlər.
Məlumata görə, kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədilə istifadəyə verilməsi Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 noyabr tarixli 236 nömrəli Fərmanının 4.1-ci bəndinə və Nazirlər Kabinetinin 2024-cü il 26 dekabr tarixli 544 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları”na uyğun həyata keçiriləcək.
Bildirilib ki, istifadəyə veriləcək torpaq sahələri minimum 5 hektar olmaqla suvarılan, əkin üçün hazır vəziyyətə gətirilmiş kəndətrafı ərazilərdə yerləşir. Həmin sahələrdə şaftalı, nektarin, ərik, nar, alma, şabalıd, xurma, armud, gilas, qoz, fındıq, süfrə və texniki üzüm, çiyələk, qarağat, mavigilə, moruq, pomidor, xiyar, badımcan, bibər, soğan, sarımsaq, tərəvəz lobyası, mətbəx çuğunduru, kök, kələm, kartof, buğda, arpa, qarğıdalı, soya, noxud, mərcimək, tütün, yonca, xaşa və müxtəlif yem bitkilərinin becərilməsi nəzərdə tutulur. Əkin sahələrində müasir damlama və ya çiləmə suvarma sistemlərinin tətbiqi tələb olunur. Torpaq sahələrinin güzəştli şərtlərlə icarəyə götürülməsi üçün sakinlər əvvəlcə EKTİS-də qeydiyyatdan keçərək fermer elektron kabineti yaratmalı, daha sonra “Müraciətlərim” bölməsində “Torpaq icarəsinə müraciət” xidmətini seçərək “Hadrut” üzrə elektron ərizə formasını doldurmalıdırlar. Bundan əlavə, faktiki yaşayış yerinin Hadrut qəsəbəsi olması Daxili İşlər Nazirliyinin “e-Polis” tətbiqində qeyd edilməlidir.
Müraciətlərin qəbulundan sonra namizədlər üçün təlimlərin keçirilməsi, icarə müqavilələrinin imzalanması və torpaq sahələrinin yerində tanıdılması nəzərdə tutulur. İcarə müqavilələrinin müddəti birillik bitkilər və yonca üçün 2 il, çoxillik əkinlər üçün isə 5 il müəyyən ediləcək. İstifadə nəticələrindən asılı olaraq müqavilələrin müddəti uzadıla biləcək. Əlavə məlumat almaq istəyən fermerlər Xocavənd Dövlət Aqrar İnkişaf Mərkəzinə müraciət edə bilərlər.
Qeyd edək ki, sonrakı mərhələlərdə müraciət edən şəxslərə təlimlərin keçirilməsi, müqavilələrin imzalanması və ərazilərin yerində tanıdılması həyata keçiriləcək. Fermerlər əlavə məlumat üçün Xocavənd Dövlət Aqrar İnkişaf Mərkəzinə (tel: 077-577-93-97, 050-533-68-71, email: [email protected] ) müraciət edə bilərlər.