Xorvatiyada Avropa Xəbər Agentlikləri Alyansının konfransı keçirilib
Konfransı açan Xorvatiyanın HINA agentliyinin baş direktoru xanım Branka Qabriela Valentiç EANA-nın bu tədbirinin nəticələrinin uğurlu olacağına inandığını bildirib.
EANA-nın prezidenti, Avstriya Xəbər Agentliyinin baş icraçı direktoru Peter Kropş dünyada baş verən maliyyə böhranının xəbər agentliklərinə təsiri barədə danışıb. O, böhran nəticəsində bəzi xəbər agentliklərinin gəlirlərinin xeyli azaldığını söyləyib. P.Kropş, həmçinin konfrans iştirakçılarına xəbər agentliklərində yeniliklərlə bağlı məlumat verib.
Frans-Press agentliyinin icraçı direktorunun müavini Emmanuel Markoviç müasir dövrdə informasiya cəmiyyətinin xəbər agentliklərinin qarşısına qoyduğu yeni vəzifələrdən danışıb.
Sonra konfrans işini panel iclası və müvafiq mövzularda müzakirələrlə davam etdirib.
Böyük Britaniyanın “Press Association” agentliyinin baş icraçı direktoru Klayv Marşalın moderatorluğu ilə keçən panel iclasında Portuqaliyanın LUSA xəbər agentliyinin prezidenti və baş icraçı direktoru Afonso Kamoe, Rumıniyanın AGERPRES agentliyinin baş direktoru Aleksandru İon Giboi, HINA-nın idarə heyətinin müşaviri Damir Hainski və başqaları çıxış edərək müasir dövrdə informasiya agentliklərinin üzləşdikləri çətinliklərdən, onların qarşısında duran vəzifələrdən söhbət açıblar.
“Microsoft’s MSN”in regional direktoru Paolo Andreotti “Microsoft”un yeni MSN xidməti strategiyası və xəbər agentlikləri ilə əməkdaşlığı mövzusunda çıxış edib.
“Press Association”in icraçı direktoru Toni Vatson isə agentliyin yeni rəqəmsal xidməti olan SNAP.PA haqqında məlumat verib.
Konfransda 2008-ci ildən EANA-nın üzvü olan AZƏRTAC-ı beynəlxalq əməkdaşlıq və müqavilələr şöbəsinin müdiri Orxan Muradov və xarici dillərdə informasiya baş redaksiyasının böyük redaktoru Orxan Kərimov təmsil ediblər.
Sentyabrın 26-da EANA-nın Baş Assambleyası keçiriləcək.