SİYASƏT
Xose de Venisiya: Səsvermə prosesi beynəlxalq normalara tam uyğun olaraq keçir
Bakı, 1 noyabr, Əziz Məmmədov, AZƏRTAC
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ictimai-siyasi və sosial-iqtisadi inkişafda sanballı nəticələrə nail olub, beynəlxalq arenada öz yerini möhkəmləndirib. Parlament seçkiləri ilin əsas hadisəsidir. Bu, sözsüz ki, dövlətin və cəmiyyətin sonrakı inkişafına təsir edəcək. Xarici müşahidəçilərin dəvət edilməsi göstərir ki, Azərbaycanda parlament seçkiləri sərbəst və aşkarlıq şəraitində keçirilir, səsvermə prosesi beynəlxalq normalara uyğun olur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının həmsədri Xose de Venisiya (Filippin) jurnalistlərə müsahibəsində deyib. O qeyd edib ki, Azərbaycanda seçkilərə əsaslı surətdə hazırlıq görülüb. Xose de Venisiya deyib: “Seçkiləri müşahidə prosesində bilavasitə iştirak edərək əmin oldum ki, seçicilərin iradəsinin sərbəst ifadə etməkləri üçün bütün şərait yaradılıb. Mən bunu Bakı şəhərində bir neçə seçki məntəqəsində olarkən gördüm. Ölkədə parlament seçkilərinə hazırlıq istiqamətində böyük iş görülüb. Vətəndaşların yüksək fəallığı dərin təəssürat oyatdı. Seçicilər namizədlərə səslərini şüurlu şəkildə verirlər. Bu, onların Konstitusiya hüquqlarını tam şəkildə həyata keçirməsinə əyani sübutdur. Məndə Azərbaycan haqqında yüksək fikir yarandı”.