“Xovar” informasiya agentliyində Azərbaycan-Tacikistan əlaqələrindən bəhs edən məqalə yerləşdirilib
Düşənbə, 28 sentyabr, AZƏRTAC
Tacikistanın “Xovar” informasiya agentliyində Düşənbədə keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasına, həmçinin Azərbaycan-Tacikistan əlaqələrinə dair məqalə yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, yazıda Azərbaycan ilə Tacikistan arasında diplomatik əlaqələrin 1992-ci il martın 29-da qurulduğu bildirilir. Ötən müddət ərzində əlaqələrimizin inkişaf etdiyi qeyd edilir. Diqqətə çatdırılır ki, 2007-ci ildən Azərbaycanın Tacikistanda səfirliyi fəaliyyət göstərir.
Yazıda Tacikistan Elmlər Akademiyasının MDB şöbəsinin müdiri Maxmadamin Oymaxmadovun fikirlərinə də yer ayrılıb. O bildirib ki, Azərbaycan və tacik xalqlarının tarixi kökləri çox qədimdir. Bütün dövrlərdə taciklər və azərbaycanlılar sülh və dostluq şəraitində yaşayıblar.
MDB çərçivəsində əməkdaşlıqdan danışan Maxmadamin Oymaxmadov deyib ki, Tacikistan Prezidenti Emoməli Rəhmon və Azərbaycan Prezidenti İlham Əliyev arasında çox yaxşı dostluq münasibətlər mövcuddur. Bu ilin avqustunda Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycanda rəsmi səfərdə olub. Görüşlərdə mühüm iqtisadi məsələlər müzakirə edilib, 12 sənəd imzalanıb.
Yazıda bildirilir ki, Tacikistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq edirlər.
Qeyd edilir ki, indiyədək ölkələrimiz arasında siyasi, iqtisadi-ticarət, elmi-texniki, mədəni-humanitar və digər sahələri əhatə edən 40-dan artıq sənəd imzalanıb və bütün sahələrdə əməkdaşlığımız uğurla davam edir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə