XÜSUSİ OLİMPİYA KOMİTƏSİNİN 15 İLLİYİ QEYD OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, aprelin 20-də Azərbaycan Xüsusi Olimpiya Komitəsinin (AXOK) 15 illiyi ilə əlaqədar mərasim keçirilmiş, qurumun yeni veb-saytının təqdimatı olmuşdur.
İcraiyyə Komitəsinin mərasimdən əvvəl keçirilmiş iclasında oktyabrda Şanxayda Ümumdünya Xüsusi Yay Olimpiya oyunlarına hazırlığın gedişi, bu yarışlara gedəcək Azərbaycan nümayəndə heyətinin təsdiqi və digər məsələlər müzakirə olunmuşdur.
Azərbaycan Xüsusi Olimpiya Komitəsinin prezidenti Şahin Əliyev rəhbərlik etdiyi qurumun tarixi və fəaliyyəti barədə məlumat vermişdir. Bildirilmişdir ki, 1992-ci ildə yaranmış komitə bir ildən sonra Beynəlxalq Xüsusi Olimpiya Komitəsinin üzvü olmuşdur. İdmanın ağırlıqqaldırma, atletika, stolüstü tennis, badminton, üzgüçülük, həndbol (qızlar), basketbol (oğlanlar), mini-futbol və döşəmə üzərində xokkey növlərini inkişaf etdirən AXOK əqli cəhətdən zəif olan insanlara öz atletik bacarıqlarını nümayiş etdirməyə imkan yaradır.
Komitə Bakı, Sumqayıt şəhərlərində, Abşeron, Quba, Qusar, Şəki və Lənkəran rayonlarında 20-dən çox əlil təşkilatı, uşaq evləri və tədris müəssisələrini əhatə edir. AXOK-un təşəbbüsü ilə Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasında adaptiv bədən tərbiyəsi fənninin tədrisinə və mütəxəssislərin hazırlanmasına başlanılmışdır.
Sonra komitənin 15 illiyi münasibətilə mərasim keçirilmişdir. Şahin Əliyev bir neçə aydan sonra idmançılarımızın Şanxayda keçiriləcək Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarına ciddi hazırlaşdığını bildirərək ölkədə idmana göstərilən verilən diqqət və qayğını yüksək qiymətləndirmişdir.
Qurumun yeni fəaliyyətə başlamış saytında isə istifadəçilər Azərbaycan idmançılarının Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarına hazırlığı, beynəlxalq yarışlarda qazandığı uğurlarla yanaşı, adaptiv idman, ailə proqramları üzrə layihələr haqqında məlumat əldə edə biləcəklər.