XX əsr tarixinin ən ağır faciəsi olan Xocalı qırğını hər birimizin qan yaddaşındadır
Sumqayıt, 25 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Xocalı faciəsindən 30 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Xankəndi şəhərində yerləşən keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə mühasirədə saxlanılan Xocalı şəhərinə hücuma keçərək onu yerlə-yeksan ediblər. Xocalı qətliamı haqqında həqiqətlərin dünya ölkələrinə çatdırılması, bu faciənin xalqımıza yönəlmiş soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır.
Bu fikri AZƏRTAC-a Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib. O, eyni zamanda, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın fəaliyyətinin Qarabağ həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq, informasiya blokadasını yarmaq, on illərdir erməni diasporu tərəfindən yayılan yalan və uydurmaların qarşısını almaqda mühüm rol oynadığını diqqətə çatdırıb.
Ermənistan silahlı qüvvələrinin Xocalıda törətdiyi qırğınla bağlı Rusiya, Türkiyə, Fransa, Macarıstan, Rumıniya, Belçika, Avstriya, Almaniya, Çexiya, İsveçrə və Gürcüstanda silsilə tədbirlər təşkil olunub. Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərar və qətnamələrində öz əksini tapır. Dünyanın 15-dən çox ölkəsi parlament səviyyəsində, eləcə də ABŞ-ın 25-dən artıq ştatı, İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını rəsmi olaraq tanıyıb.
Müşfiq Məmmədli artıq iki ildir ki, soyqırımının ildönümünün fərqli şəkildə anıldığını qeyd edib. Çünki ermənilər tərəfindən işğal edilmiş torpaqlarımız 30 ildən sonra azadlığa qovuşub, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xocalı soyqırımı qurbanlarının, həmçinin digər şəhidlərimizin qanı yerdə qalmayıb, qisası alınıb.
“2020-ci ilin sentyabrın 27-dən başlayan Vətən müharibəsi şanlı Ordumuzun parlaq Zəfəri ilə başa çatdı. Azərbaycan Ordusunun qarşısında aciz qalan Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Qarabağ Zəfəri milyonlarla həmvətənimizin ürəyindəki ağrını azaltsa da, Azərbaycanın XX əsr tarixinin ən ağır faciəsi olan Xocalı qırğını hər birimizin qan yaddaşındadır. Vətənimizin bütövlüyü, var olması uğrunda canından keçmiş şəhidlərimizi hörmət və ehtiramla anırıq”, - deyə o əlavə edib.