“Ya Qarabağ, ya ölüm!” mahnısı yeni aranjemanda təqdim edilib
Bakı, 26 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Gənclər Fondu və “Cavan” Gənclər İctimai Birliyi “Ya Qarabağ, ya ölüm!” mahnısını yeni aranjemanda Azərbaycan ictimaiyyətinə təqdim edib.
Gənclər Fondundan AZƏRTAC-a verilən məlumata görə, ADA Universitetinin məzunu Günay Bədəlova bu mahnını ifasını “Instagram” səhifəsində paylaşdıqdan sonra ifanın ictimaiyyətdə maraqla qarşılanmasından sonra bu mahnının yeni aranjemanda yazılması və ona klip çəkilməsi qərara alınıb.
G.Bədəlova layihə ilə bağlı deyib: “Mənim üçün unudulmaz an klipin çəkilişi zamanı Prezident İlham Əliyevin xalqa müraciətində doğma Zəngilanımın işğaldan azad edilməsi xəbərini eşitməyim olub. Sevincimin həddi-hüdudu yox idi. “Ya Qarabağ, ya ölüm!” mahnısının yaranmasından 21 il ötür. Bu mahnının yarandığı il anadan olanlar hazırda artıq Qarabağda döyüşür, torpaqlarımızı işğalçılardan azad edirlər.
Bu mahnı Azərbaycanın “Base” leyblının ilk layihəsidir. Mahnının sözləri Ozan Arifə, musiqisi və aranjemanı Aytən İsmixanovaya məxsusdur. Gənclər Fondu və “Cavan” İctimai Birliyi Cövdət Hacıyev adına 3 saylı musiqi məktəbinin “Renessans” uşaq xoruna, “Base” leyblının rəhbərləri İsa Məlikova və Pərviz İsaqova, layihə rəhbəri Əlixan Rəcəbova, quruluşçu rejissor Vüsal Əhmədzadəyə, quruluşçu operator Orxan Məmmədovə və aranjemançı Emin Kərimə minnətdarlığını bildirir.
Mahnını aşağıdakı link vasitəsilə dinləmək mümkündür: https://www.facebook.com/watch/?v=1062418067543559