Yalçın Rəfiyev: Gənclər COP prosesində faydalı ideya və təşəbbüslərin mənbəyidir

Bonn, 19 iyun, AZƏRTAC
Bu gün dünyada yaşayan 1,8 milyard gəncdə yeni baxış və ideyalar var. Bunlar həm də iqlim dəyişikliyi və onunla mübarizə ilə bağlıdır. Müxtəlif baxış bucaqlarının əhəmiyyəti olduqca böyükdür. COP28 zamanı Dubayda dostlarımız tərəfindən başlanılan qlobal çərçivə sənədinin hazırlanması prosesi COP29 dövründə tərəfimizdən daha da genişləndirildi və bu istiqamətdə təşəbbüslərimiz oldu. Bizim COP-a, yəni Bakıda keçirilən konfransa ev sahibliyi etdiyimiz müddətdə bu sənədin gənclərin ideya və baxışlarını əks etdirəcək şəkildə formalaşdırılması üçün bir sıra tədbirlər təşkil etdik. Gənclər bu prosesdə faydalı, nəticəyönümlü ideya və təşəbbüslərin mənbəyidir.
AZƏRTAC xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini, COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev Bonn İqlim Sammiti çərçivəsində keçirilən “COP29 və COP30 Gənclər üzrə İqlim Nümayəndələrinin SB62” dəyirmi masada çıxışı zamanı deyib.
“Gənclər bu prosesi zənginləşdirən əsas iştirakçılardandır. Bu baxımdan, indiyə qədər aparılan işlərdə əməyi olan bütün qurumlara, o cümlədən BMT-nin strukturlarına dərin minnətdarlığımızı bildiririk. Çıxış edən həmkarların qlobal çərçivənin əsas sütunları ilə bağlı təqdimatları da olduqca faydalı idi. Hesab edirik ki, bu, Braziliyada keçiriləcək COP30-un Sədrliyi üçün önəmli baza rolunu oynayacaq. Hazırda biz bu təşəbbüsün liderliyini Braziliya tərəfinə təhvil veririk”, - deyə o diqqətə çatdırıb.
Yalçın Rəfiyev ötən il Bakıda gənclərin prosesə inteqrasiya edilməsi barədə də danışıb. “Bu, bizim üçün hələ də davam etməli olan bir prioritet məsələdir. Gənclərin baxış bucağı bizə iqlim maliyyəsi üzrə razılıq əldə etdiyimiz zaman, xüsusilə də innovativ ideyaların formalaşmasında çox faydalı oldu. Maliyyə məsələsi istər yumşaldıcı, istərsə də adaptasiya tədbirlərində həlledici rol oynayır. Maliyyə olmadan gələcək üçün aydın yol xəritəsi qurmaq mümkün deyil. Hazırda biz COP30-un Sədrliyi ilə birgə Bakı-Belem Yol Xəritəsi üzərində sıx işləyirik”, - deyə o vurğulayıb.