Yalçın Rəfiyev: Xarici İşlər Nazirliyində iqlim dəyişikliyi məsələləri ilə bağlı diplomatik bölmə yaradılıb
Bakı, 29 sentyabr, AZƏRTAC
COP29 ən uğurlu COP-lardan biri olub. Bunu demək üçün səbəbimiz var, çünki COP29 ən çox iştirakçı qəbul edən COP-lardan biri olub - 76 min. COP29, həmçinin ən inklüziv COP-lardan biri olub - hökumət nümayəndələrindən özəl sektora, vətəndaş cəmiyyətindən akademiyaya və yerli xalqların nümayəndələrinə qədər beynəlxalq iqlim ictimaiyyətinin müxtəlif seqmentləri COP29-da iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) açılış mərasimində bildirib.
Tələblərin icraatdan asılı olduğunu diqqətə çatdıran nazir müavini qarşıda duran məqsədləri öhdəsinə götürən ölkələrin bunları icra etmələrinin vacibliyini qeyd edib.
Yalçın Rəfiyev Nyu-Yorkda keçirilən iqlim həftəsində mühüm məsələləri müzakirə etdiklərini deyərək Azərbaycanda keçirilən COP29-un irsinin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb. "Xarici İşlər Nazirliyi olaraq, diplomatik bölmə yaratmışıq ki, iqlim dəyişikliyi prosesinə kömək göstərək", - deyə COP29-un danışıqçısı qeyd edib.
Türkiyənin COP31-ə ev sahibliyi üçün müraciət etməsinə toxunan nazir müavini bu məsələdə qardaş ölkəyə dəstək veriləcəyini deyib.