YANĞINSÖNDÜRƏNLƏR PEŞƏ BAYRAMLARINI QEYD ETMİŞLƏR
Əvvəlcə Milli Qəhrəman adına layiq görülmüş yanğınsöndürmə xidməti əməkdaşlarının xatirəsini əbədiləşdirən bulağın açılışı olmuşdur.
Sumqayıt Yanğından Mühafizə İdarəsinin rəisi, daxili xidmət polkovniki Süleyman Süleymanlı çıxışında həmkarlarını peşə bayramı münasibətilə təbrik etmiş, şəhərdə bu sistemin yaranması, formalaşması və inkişafı tarixindən söhbət açmışdır. Bildirilmişdir ki, 1947-ci ildə yaradılan Sumqayıt qarnizonu şərəfli yol keçmişdir, onun şəxsi heyəti xidməti vəzifəsini fədakarlıqla yerinə yetirir. Son vaxtlar qarnizonun təchizatı xeyli yaxşılaşmış, maddi-texniki bazası möhkəmlənmişdir.
Şəhər İcra Hakimiyyətinin, bir sıra sənaye müəssisələrinin və ictimai təşkilatların rəhbərləri yanğınsöndürənləri təbrik edərək, cəmiyyətin normal fəaliyyət göstərməsində, sənaye obyektlərinin işləməsində bu xidmətin əhəmiyyətini vurğulamışlar. Natiqlər bu sahədə qazanılan bütün nailiyyətləri daim respublikanın yanğından mühafizə xidmətinin inkişafının qayğısına qalan ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlamışlar. Peşə bayramının qeyd edilməsi barədə onun Sərəncamı buna parlaq misaldır.
Xidmətdə fərqlənən zabit və qulluqçular Sumqayıt İcra Hakimiyyətinin, habelə şəhər bələdiyyəsinin fəxri fərmanları ilə təltif edilmiş, onlara xatirə hədiyyələri təqdim olunmuşdur.
Sonra yanğından mühafizə texnikasına baxış keçirilmişdir.