YAP Bərdə rayon təşkilatının üzvləri şəhid Ziya Həsənovun ailəsinə baş çəkiblər
Bərdə, 3 aprel, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının üzvləri Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların ailələrini "Şəhid ailələrinə qayğı" aksiyası çərçivəsində ziyarət edirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon təşkilatının bir qrup fəalı 2016-cı ilin Aprel döyüşləri zamanı şəhid olmuş baş leytenant Həsənov Ziya Niyazi oğlunun ailəsinə baş çəkiblər. Görüş zamanı şəhidin keçdiyi döyüş yolundan söhbət açılıb. Bildirilib ki, Ziya Həsənov 2016-cı ilin aprel ayında Ermənistan silahlı birləşmələrinin təxribatının qarşısının alınmasında iştirak edib. Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Baş leytenant Ziya Həsənov göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.
Şəhidin atası Niyazi Həsənov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Partiya fəalları ailənin çətinlikləri ilə maraqlanıb və bəzi problemlərinin həlli üçün kömək göstəriblər.