YAP bölgənin aparıcı siyasi qüvvəsi kimi mövqeyini möhkəmləndirib
Bakı, 6 oktyabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyasının (YAP) Nizami rayon təşkilatının SOCAR Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi ərazi ilk partiya təşkilatında partiyanın yaradılmasının 25-ci ildönümü münasibətilə tədbir keçirilib
Təşkilatdan AZƏRTAC-a bildirilib ki, Nizami rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümü münasibətilə keçirilən tədbirlər davam etdirilməkdədir. Belə ki, YAP Nizami rayon təşkilatının SOCAR Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi ərazi ilk partiya təşkilatında baş tutan tədbirdə öncə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
SOCAR Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov Yeni Azərbaycan Partiyasının ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyadan, zamanın təxirəsalınmaz tələblərindən irəli gələrək Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yarandığını deyib.
O vurğulayıb ki, ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası respublikamızın daim qüdrətlənməsinə, insanların sosial rifah halının yaxşılaşdırılmasına çalışıb. Bu, partiyanın siyasətində dövlətə, xalqa xidmətin öndə dayandığının təsdiqidir.
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə partiyanın şərəfli mübarizə tarixindən, ümummilli lider Heydər Əliyevin doğma xalqı qarşısında misilsiz xidmətlərindən danışıb. Vurğulayıb ki, bu gün Prezident İlham Əliyevin sədri olduğu YAP-ın nüfuzu getdikcə artmaqdadır. Partiyanın cəmiyyətin inkişafına yönəlmiş çoxsaylı sosial layihələr reallaşdırması, gəncləri dövlətçilik və milli maraqlar ətrafında sıx birləşdirməsi onun tərəfdarlarının sayının artmasına səbəb olub. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib.
V.Rəhimzadə qeyd edib ki, bu gün ölkədə ən kütləvi və mütəşəkkil siyasi qüvvə olan Yeni Azərbaycan Partiyası sıralarında 700 mindən artıq üzvü birləşdirir. Bu, təkcə statistika deyil, eyni zamanda, ölkə vətəndaşlarının Azərbaycan reallığına verdiyi qiymət və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə inamın ifadəsidir.
Çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, partiya yarandığı gündən onun ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla həyata keçirilən əsas proqramı Azərbaycanda dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub. Məhz buna görə də ümumxalq partiyasına çevrilən, bu gün 700 mindən çox üzvü olan YAP ölkəmizin və regionun ən aparıcı siyasi qüvvəsinə çevrilib.
YAP Gənclər Birliyi sədrinin müavini, Gənclər Birliyi ofisinin rəhbəri Əli Pənahov isə bildirib ki, partiya Azərbaycan tarixinin kəşməkəşli günlərində xalqımızın ağır sınaqlara məruz qaldığı bir dövrdə yaradılıb. Dünənin, bu günün və gələcəyin partiyası olan YAP ötən 25 ildə Azərbaycanı bir çox bəlalardan xilas edib, dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsində mühüm rol oynayıb.
Tədbirdə digər çıxış edənlər də qeyd ediblər ki, sözlə əməlin birliyi, partiya üzvlərinin ulu öndər Heydər Əliyev ideyalarına sədaqəti YAP-ın nüfuzunu daha da artırıb, ümumilikdə, onun bölgənin aparıcı siyasi qüvvəsi kimi mövqeyini möhkəmləndirib.
Sonda partiya işində aktiv iştirak edən bir qrup şəxsə Fəxri fərmanlar təqdim olunub.