YAP Nərimanov rayon təşkilatında Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib
Bakı, 25 fevral, AZƏRTAC
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatında Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Nərimanov rayonunda təhsil alan tələbələrin Xocalı faciəsinə həsr olunmuş əl işlərindən ibarət sərgisi ilə tanış olublar.
İclasda çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev Xocalı faciəsi barədə ətraflı məlumat verərək Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olan, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayət hadisəsi zamanı dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyini, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildirib. Qeyd edib ki, ermənilərin dinc əhaliyə qarşı törətdikləri soyqırımı zamanı xocalılar əsl qəhrəmanlıq nümunəsi göstəriblər: “Bu şəhərin ölməzlik tarixini yazdılar. Xocalı soyqırımına əsl siyasi-hüquqi qiyməti isə 1994-cü ilin fevralında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev verdi. Həmin ildən başlayaraq ölkəmizdə hər il 26 fevral-Xocalı soyqırımı günü kimi qeyd edilir. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin fəaliyyətinin əsas istiqamətləri Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayətin beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almasına xidmət edir. Ümummilli məsələlərlə bağlı Türkiyə və Azərbaycan parlament nümayəndə heyəti bir sıra beynəlxalq qurumlarda, o cümlədən Avropa Şurasında birgə fəaliyyət göstərirlər. Azərbaycan Respublikasının Birinci vitse-Prezidenti Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə “Xocalıya ədalət!” layihəsi çərçivəsində Xocalı soyqırımının, ermənilərin törətdikləri digər vəhşiliklərin dünya ictimaiyyəti tərəfindən tanınması, hüquqi-siyasi qiymətini alması üçün kompleks tədbirlər həyata keçirilir”.
Milli Məclisin deputatı Hikmət Babaoğlu, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev, Nərimanov rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov, Xocalı Şəhid Ailələri Cəmiyyətinin sədri, faciənin canlı şahidi Mehriban Əliyeva, təşkilatın fəal gənci Sevgiyyə Əlizadə çıxışlarında insanlıq sifətini itirmiş ermənilər tərəfindən törədilmiş bu faciənin təkcə azərbaycanlılara qarşı deyil, həm də bütün bəşəriyyətə qarşı yönəlmiş qanlı cinayət olduğunu, törədilmiş bu son dərəcə ağır hərbi cinayətin xalqımız tərəfindən heç vaxt unudulmayacağını qeyd ediblər. Çıxışlarda həmçinin Ali Baş Komandanın qətiyyətli rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən torpaqlarımızın düşmən tapdağından azad olunmasından və əsgərlərimizin qəhrəmanlıqlarından fəxrlə danışılaraq, 30 illik işğala və həsrətə son qoyulduğu bildirilib. Eyni zamanda, Xocalı sakinlərinin çıxışlarında dövlətin hər zaman onların yanında olduğu, daima diqqət və qayğı ilə əhatə olunduqları vurğulanaraq, buna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq ifadə edilib.