YAP ŞƏKİ TƏŞKİLATININ V KONFRANSI KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, konfrans öz işinə başlamazdan əvvəl ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
YAP Şəki təşkilatının sədri Həsən Həsənovun hesabat məruzəsində təşkilatın əvvəlki konfransdan ötən dövr ərzindəki fəaliyyəti geniş təhlil edilmiş, partiyanın ikinci qurultayının vəzifələrinin yerinə yetirilməsi sahəsində görülmüş işlərdən söhbət açılmışdır. Məruzədə Yeni Azərbaycan Partiyasının ölkəmizin ən nüfuzlu siyasi qüvvəsinə və xalqın partiyasına çevrilməsində onun yaradıcısı, ulu öndərimiz Heydər Əliyevin tarixi xidmətləri önə çəkilmiş, ümummilli liderimizin siyasi xəttinin, ideyalarının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi xüsusi vurğulanmışdır. Çıxışında ulu öndərimizin 2002-ci ilin noyabrında Şəki şəhərinə səfərinin önəmli məqamlarına toxunan natiq bu səfərdən sonra vətəndaşların, xüsusilə də gənclərin YAP sıralarına axınının xeyli sürətləndiyini qeyd etmişdir. Hesabat dövründə rayonda 6 ərazi ilk təşkilatı yaradılmış, 1286 nəfər, o cümlədən 680 gənc partiya sıralarına qəbul edilmiş, təşkilat üzrə üzvlərin sayı 7141 nəfərə çatmışdır.
Konfransda YAP sədrinin müavini, əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Əşrəf Məmmədov çıxış edərək təşkilatın hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndirmiş, konfransın yüksək səviyyədə təşkilindən razı qaldıqlarını bildirmişlər.
Möhtəşəm xorun ifasında doğma Vətəni tərənnüm edən mahnılar səslənmiş və “Gənc Heydərçilər” konfrans iştirakçılarını təbrik etmişlər.
Konfransda Həsən Həsənov yenidən YAP Şəki təşkilatının sədri seçilmişdir. Konfransın sonunda YAP sədrinin birinci müavini, Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul edilmişdir.