YAP Veteranlar Şurasının üzvlərinin gənclərlə növbəti görüşü olub
Bakı, 14 sentyabr, AZƏRTAC
“Heydər Əliyev İli” çərçivəsində sentyabrın 14-də Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının gənclərlə növbəti görüşü keçirilib.
YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad olunub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar Partiya tərəfindən silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb. O vurğulayıb ki, Vətəninə, xalqına sədaqətlə xidmət edən Ulu Öndər Heydər Əliyev Azərbaycanın keçmişini yaşadan və gələcəyini müəyyən edən müdrik dövlət xadimidir.
YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə ölkəmizin gələcək inkişafında gənclərin rolundan bəhs edib. Onun sözlərinə görə, gənclər Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yolla getməlidirlər. Çünki bu yolun alternativi yoxdur.
A.Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyev bu gün Heydər Əliyev siyasətini uğurla davam etdirir.
YAP Veteranlar Şurasının üzvü, tarix elmləri doktoru Dilarə Seyidzadə çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyev həyat və fəaliyyətini Azərbaycanın inkişafına həsr edib. Diqqətə çatdırılıb ki, Heydər Əliyevin zəngin irsi bugünkü uğurlarımızı şərtləndirir. Çünki Azərbaycanın müasir tarixi, ölkəmizin inkişafı bilavasitə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. O, gəncləri Heydər Əliyevin zəngin irsini dərindən öyrənməyə çağırıb.
Sonra gənclərin sualları cavablandırılıb.
Qeyd edək ki, Ağstafa rayon Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə Ağstafa, Qazax, Tovuz, Şəmkir və Gədəbəy rayonlarından fəal gənclər iştirak ediblər.