Yapon parlamentarilər Dağlıq Qarabağda son durumla bağlı məlumatlandırılıblar
Tokio, 20 aprel, AZƏRTAC
Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə Azərbaycan-Yaponiya Parlamentlərarası Dostluq Liqasının illik iclasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti ilə bağlı çıxış edib. İclasda Yaponiya tərəfdən liqanın icra katibi Kenci Kosaka, baş katibi Akihiro Ohata, üzvləri Şinkun Haku, Masahiro İmamura, İçiro Aisava, Yoşio Moçizuki, Xarici İşlər Nazirliyinin nümayəndələri, eləcə də liqanın digər üzvlərinin köməkçiləri iştirak ediblər.
Səfir çıxışında son zamanlar cəbhə xətti boyunca baş verən gərginlik haqqında məlumat verib, Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə sıx məskunlaşan mülki əhalini və mülki obyektləri hədəfə alaraq təxribat xarakterlı hərəkətlərə yol verdiyini bildirib. Vurğulayıb ki, münaqişə bilavasitə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll oluna bilər. Status-kvonun davam etdirilməsinin yolverilməz olduğunu vurğulayan səfir Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində mövcudluğunun sülhün təmin edilməsinə ən böyük təhlükə olduğunu bildirib.
Yaponiya parlamentinin üzvləri cəbhə xətti boyunca son zamanlar artan gərginliklə bağlı narahatlıqlarını bildirərək, münaqişənin sülh yolu ilə tezliklə həllinin vacibliyini vurğulayıblar. Regiondakı dondurulmuş münaqişələrin sülhün və sabitliyin təmin olunması üçün təhlükə mənbəyi olması liqa üzvləri tərəfindən xüsusi qeyd edilib.
İclas zamanı Azərbaycanın son illərdə iqtisadi tərəqqisi, ölkəmizin təşəbbüsü ilə reallaşdırılan regional layihələr, qeyri-neft sektorunun inkişafı ilə bağlı görülən tədbirlər barədə məlumat verilib, Azərbaycan və Yaponiya arasında ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə edilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio