Yaponiya qiymətləri sabit saxlamaq üçün neft ehtiyatlarının satışına icazə verə bilər
Tokio, 20 noyabr, AZƏRTAC
Yaponiyanın hökumət orqanları qiymətləri sabit saxlamaq üçün strateji ehtiyatlar kimi saxlanan neftin bazara çıxarılması məsələsinin müzakirəsinə başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə noyabrın 20-də “Nikkei” qəzeti hökumətdəki mənbələrə istinadla məlumat yayıb.
Yaponiya qanunvericiliyinə əsasən, bazarda qlobal problemlər yarandığı halda və ya təbii fəlakətlər zamanı neft ehtiyatlarından istifadəyə icazə verilir. Bu qanun 2011-ci ildə Yaponiyanın şimal-şərqində baş verən zəlzələ və 1991-ci ildə İran körfəzində müharibə zamanı tətbiq edilib.
Lakin bu dəfə hökumət bu qanundan istifadə etmək istəmir və ehtiyatların bazara çıxarılması üçün daha çevik yollar axtarır. Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin məlumatlarına görə, sentyabrın sonlarında ölkə ərazisindəki onlarla dövlət və özəl anbarlarda 74,25 milyon kilolitr neft olub. Bu, ölkənin tələbatını 235 gün ödəməyə kifayət edə bilər.
Yaponiya hökuməti əlaqədar sahəni dəstəkləmək üçün artıq müvafiq addımlar atır. Belə ki, Yaponiyada ən geniş istifadə edilən “reqular” markalı benzinin bir litrinin qiyməti 170 yeni (1,49 dollar) aşacağı təqdirdə hökumət benzin təchizatçılarına büdcədən hər litr üçün 5 yen subsidiya ayıracaq. Bu onlara qiyməti sabit saxlamaq və onun artımının qarşısını almaq üçün veriləcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio