Yaponiyada Cənubi Qafqazda və Qara dəniz regionunda təhlükəsizlik məsələləri müzakirə edilib
Tbilisi, 27 avqust, AZƏRTAC
Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri, parlamentin Yaponiya ilə dostluq qrupunun rəhbəri Nikoloz Samxaradze Tokio Geo-İqtisadiyyat İnstitutunda Cənubi Qafqazda və Qara dəniz regionunda təhlükəsizlik məsələlərindən danışıb.
Bu barədə AZƏRTAC-a Gürcüstan parlamentinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, N.Samxaradze institutda Qara dənizin təhlükəsizliyi məsələlərinə dair seminar keçirib. Seminarda o, Qara dəniz regionunda mövcud vəziyyətin səbəblərinə nəzər salıb.
“Seminarda biz Rusiyanın Gürcüstana və Ukraynaya təcavüzü, Ermənistan-Azərbaycan münaqişəsi və bu problemin həllində Gürcüstanın sülhsevər rolu, NATO və Avropa İttifaqının Qara dənizin təhlükəsizliyi məsələlərinə cəlb edilməsi və ümumiyyətlə, bu ölkənin təhlükəsizliyinin təmin olunmasının vacibliyi kimi mövzulara diqqət yetirdik. Avropada və qlobal təhlükəsizlik üçün Cənubi Qafqazda, Qara dənizdə sabitlik çox vacibdir”, - deyə Nikoloz Samxaradze vurğulayıb.
Seminarda yaponiyalı professorlar, tədqiqatçılar və jurnalistlər də iştirak ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi