Yaponiyada hakim partiyanın sabiq baş katibinin fraksiyası buraxılacaq
Bakı, 19 yanvar, AZƏRTAC
Maliyyə hesabatlarının pozulması ilə bağlı qalmaqal fonunda Yaponiyanın hakim Liberal Demokrat Partiyasının (LDP) sabiq baş katibi Tosihiro Nikainin partiyadaxili fraksiyası buraxılacaq.
AZƏRTAC xəbər verir ki, Tosihiro Nikai bunu Tokioda keçirilən mətbuat konfransında deyib.
Bir müddət öncə Yaponiyanın Baş naziri Fumio Kişida da LDP-də 2023-cü ilin dekabrınadək rəhbərlik etdiyi fraksiyanı buraxmaq imkanını nəzərdən keçirdiyini bildirib.
Tokio prokurorluğu hakim partiyanın Tosihiro Nikai, Fumio Kişida və sabiq Baş nazir Sindzo Abe fraksiyalarının iki sabiq və fəaliyyətdə olan bir mühasibinə qarşı ittiham irəli sürüb. Təhqiqat siyasi ianələrin toplanması ilə bağlı qanun pozuntuları səbəbindən yaranmış qalmaqal fonunda aparılır.
Qeyd edək ki, LDP-nin fraksiyaları öz üzvləri üçün təşkil etdiyi ziyafətlərə bilet satmaqla vəsait toplama kvotası təyin edib. Faktiki toplanan vəsaitlə müəyyən edilən kvota arasındakı fərq maliyyə sənədlərində əks olunmadığı üçün onun siyasətçilərə zərf şəklində qaytarıldığı və ya gizli siyasi fondlar üçün vəsait kimi istifadə oluna biləcəyi iddia edilir.
Qalmaqal Fumio Kişidanın rəhbərlik etdiyi hökumətin reytinqinin 30 faiz səviyyəsinədək aşağı düşməsinə səbəb olub. Nəticədə Sindzo Abe fraksiyasının 15 üzvü hökumətdəki vəzifələrini itirib, deputat Yositaka İkeda isə həbs edilib.