YAPONİYANIN DÖVLƏT BORCU REKORD SƏVİYYƏYƏ ÇATMIŞDIR
Yaponiya ümumi milli məhsulunun həcmindən 1,4 dəfə artıq olan dövlət borcuna görə digər sənayecə inkişaf etmiş ölkələrdən irəlidədir. Adambaşına təxminən 5,5 milyon yen (51,3 min dollar) borc düşür. Ölkənin dövlət borcu XX əsrin son onilliyində daha sürətlə artmağa başlamışdır. Bu illərdə hökumət infrastruktur obyektlərinin tikintisi ilə bağlı ictimai işlərə böyük məbləğdə təxsisatlar ayırmışdır. 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində ölkədə daşınmaz əmlakın və səhmlərin qiymətinin süni surətdə artırılması ilə əlaqədar iqtisadi böhran yaranmışdı. Bu tədbirlər də milli iqtisadiyyatı böhrandan sonrakı durğunluq halından çıxarmaq üçün həyata keçirilirdi.
Borcun böyük hissəsi (556,4 trilyon yen) dövlət istiqrazlarının payına düşür. Ekspertlər hesab edirlər ki, hökumət iqtisadi yüksəliş meyllərinin nəzərə çarpdığı indiki dövrdə vergiləri artırmaqla vəziyyətdən çıxa bilər. Bu yaxınlarda dərc olunmuş rəsmi məlumata görə, yanvar-mart aylarında ölkədə ÜDM-in həcmi əvvəlki rüblə müqayisədə 1,5 faiz artmışdır.