YAPONİYANIN YENİ BAŞ NAZİRİ SEÇİLMİŞDİR
Yaponiya parlamentinin əsas sayılan aşağı palatasının səsvermədə iştirak edən 476 deputatından 339-u Abenin namizədliyini dəstəkləmişdir. Baş nazirin seçkiləri sentyabrın 26-da yuxarı palatada da keçiriləcəkdir. Abenin burada da qələbə qazanacağına şübhə yoxdur. Ümumiyyətlə, bu səsvermə elə bir əhəmiyyət daşımır, çünki Konstitusiyaya görə, hökumətin sədri seçilərkən aşağı palatanın rəyi əsasdır.
52 yaşlı Şinzo Abe Yaponiyanın bütün tarixi ərzində - XIX əsrin axırlarında ölkədə Qərb nümunəli kabinetlər sisteminin tətbiq edildiyi vaxtdan bəri ən gənc Baş nazirdir. Yaponiyanın 57-ci Baş naziri ABŞ-la ittifaqın hər vasitə ilə möhkəmləndirilməsinə tərəfdardır. Abe Yaponiyanın müharibədən sonrakı Konstitusiyasının pasifist müddəalarına yenidən baxılmasını dəstəkləyir və işarə edir ki, Tokio İkinci dünya müharibəsi illərindəki cinayətlərə görə üzr istəməsinə son qoymalıdır. O, qonşu Çin və Cənubi Koreya ilə münasibətləri yaxşılaşdırmağı, Rusiya ilə bütün sahələrdə əməkdaşlığı genişləndirməyi və Cənubi Kuril adaları ilə bağlı çoxdankı mübahisəni bunun əsasında həll etməyi öz diplomatiyasının başlıca vəzifələrindən sayır. Yeni Baş nazir qonşu Şimali Koreya barəsində sərt mövqe tutmağa çağırır, çünki Tokio onu Uzaq Şərqdə sabitliyi pozan mənbə elan etmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev Baş nazir seçilməsi münasibətilə Şinzo Abeyə təbrik məktubu göndərmişdir.