YAPONLAR 2005-Cİ İLİ “MƏHƏBBƏT” İLİ ELAN ETMİŞLƏR
Həmin heroqlif ötən 12 ayı səciyyələndirmək məqsədi ilə yaponlar arasında aparılmış sorğunun nəticələrinə görə seçilmişdir. Bu il sorğu 85 mindən çox adam arasında aparılmışdır. Respondentlərin əksəriyyətinin fikrincə, “məhəbbət” heroqlifi bu hissin vacibliyini önə çəkən hadisələrlə dolu 2005-ci ilin ruhunu əks etdirir. Yaponlar öz seçimlərinin başlıca səbəbini bu il tanınmış şəxslərin, o cümlədən Yaponiya imperatorunun qızı Sayakonun sevdiyi adamla ailə qurması ilə əsaslandırmışlar. Sayako sevdiyi adamla ailə qurmaq xatirinə yüksək titulundan məhrum olmuşdur. Sorğu iştirakçıları hesab edirlər ki, planetdə dalbadal baş verən təbii fəlakətlər insanların bir-birinə kömək etməsinə, məhəbbətin qlobal miqyasda aşılanmasının zəruriliyinə işarədir. Respondentlərin əksəriyyəti seçimlərini imperatorun nəvəsi, 4 yaşlı qız Aykonun adı ilə bağlayır. Onun adının ilk heroqlifi – “ay” yapon dilində “məhəbbət” deməkdir. Ayko xalq arasında çox sevilir. Gələn il taxt-tac varisliyi haqqında qanuna əlavələr qəbul edilərsə, Ayko son iki əsrdən artıq müddət ərzindəYaponiyanın ilk qadın imperatoru ola bilər.
Ölkədə tüğyan etmiş qasırğalar və zəlzələlər nəticəsində əmələ gələn çoxlu kataklizm üzündən 2004-cü il “fəlakətlər ili” adlandırılmışdı. 2003-cü il Osakonun ”Taygerz” beysbol komandasının 18 ildə ilk yüksək liqada qalib gəlməsi münasibətilə, habelə Yaponiya hərbi kontingentinin İraqa göndərilməsi ilə əlaqədar, - yerli siyasətçilər bu əməliyyatı “pələngin quyruğunu basmaq” adlandırmışlar, - “pələng ili” elan edilmişdi.
Ənənəyə görə, Kiiomidzu-dera məbədi başçısının yazısı mehrabın üstündə dekabrın 31-dək qalacaqdır.