Yardımlıda Beynəlxalq Qadınlar Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib
Yardımlı, 7 mart, Bağır Əliyev, AZƏRTAC
Martın 7-də Yardımlı Rayon İcra Hakimiyyətində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov Azərbaycan qadınının cəmiyyətdə mövqeyindən danışıb. Bildirib ki, Azərbaycan qadını həm gözəl ana, həm də fəal ictimai xadimdir. Gözəl keyfiyyətlərə malik olan Azərbaycan qadını bütün dövrlərdə ən ağır sınaqlardan üzüağ çıxaraq, taleyüklü məsələlərin həllinə layiqli töhfələr verib.
Qeyd olunub ki, Yardımlı qadınları bu gün iqtisadiyyatımızın gücləndirilməsində, idarəetmə, təhsil, səhiyyə, mədəniyyət, aqrar və digər sahələrdə əzmlə çalışırlar.
Tədbirdə rayonun ictimai-siyasi həyatında fərqlənən qadınların bir qrupuna qiymətli hədiyyələr təqdim olunub.