Yardımlıda fermerlər əkin sahələrində yanğın təhlükəsizliyi ilə bağlı maarifləndiriliblər
Yardımlı, 29 iyun, Bağır Əliyev, AZƏRTAC
Yardımlı Rayon Polis Şöbəsi, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə taxıl biçinindən sonra əkin sahələrində baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması məqsədilə fermerlərlə görüşlər keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, məhsul istehsalçıları ilə keçirilən görüşlərdə ehtiyatsızlıqdan və yaxud məqsədyönlü şəkildə biçindən sonra taxıl sahələrinə od vurulmasının böyük fəsadlara səbəb olduğu fermerlərin diqqətinə çatdırılıb.
Əkin sahələrinin yandırılmasının yolverilməzliyi, bu cür halların qanun pozuntusu olaraq məsuliyyət doğurması barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verilib. Yanğınların digər əkin sahələrinə, meşəlik ərazilərə, ətrafdakı tikililərə, ərazidən keçən yüksək gərginlikli elektrik xətlərinə ciddi zərər vurma ehtimalının olduğu bildirilib.
Bu kimi halların qarşısının alınması üçün fermerlərə əkin sahələrinə od vurmamaları, əkinin ətrafında müəyyən olunmuş qaydada şumlanmış “mühafizə zolağı” yaratmaları və digər yanğın təhlükəsizliyi qaydalarına riayət etmələri barədə xəbərdarlıqlar edilib, lazımi tövsiyələr verilib.