YARIMFİNAL OYUNLARI ƏRƏFƏSİNDƏ
Mütəxəssislərin rəyinə görə, “Milan”-“Barselona” cütlüyündə mübarizə daha gərgin və maraqlı olacaqdır. Hər iki komanda aprelin 14-də ölkə çempionatındakı son görüşündə minimal hesablı (1:0) qələbə qazanmışlar. “Barselona” qitənin ən mötəbər turnirinin digər ispan yarımfinalçısı “Vilyarreal”ı, “Milan” isə əzəli rəqibi “İnter”i məğlub etmiş və komandalar italyanların “San-Siro” stadionunda aprelin 18-də keçiriləcək ilk oyuna xoş əhval-ruhiyyə ilə hazırlaşırlar. Qeyd edək ki, “Barselona” 1993-1994-cü il Çempionlar liqası turnirinin finalında “Milan”dan aldığı ağır zərbənin (0:4) əvəzini çıxmaq əzmindədir. Lakin, unutmaq olmaz ki, Çempionlar liqası hazırda “Milan”ın uda biləcəyi yeganə turnirdir. Ölkə kuboku yarışlarından orta səviyyəli “Palermo” tərəfindən kənarlaşdırılan “Milan”ın İtaliya çempionatında da qalib gəlmək şansı çox azdır, çünki ikinci yerdə qərarlaşan milanlılar çempionatın sonuna dörd tur qalmış liderdən - “Yuventus”dan dörd xal geri qalır, həm də turinlilər bir oyun az keçirmişlər. Mütəxəssislərin fikrincə, “Milan” öz meydançasında hər hansı bir hesabla qalib gələ bilsə, onların turnirin finalında oynamaq şansı yüksək olacaqdır.
Mütəxəssislər “Arsenal”-“Vilyarreal” görüşlərindən sonra ingilislərin finala çıxacağına daha çox inanırlar. Ölkə çempionatının son oyununda 18-ci yerdə gedən “Portsmut”a qalib gələ bilməyən (1:1) və hazırda 6-cı yer tutan “Arsenal” aprelin 19-da doğma meydançasında keçirəcəyi ilk yarımfinal görüşündə, əlbəttə, böyük hesabla qalib gəlmək əzmi ilə oynayacaqdır.
Bir çox tanınmış futbol mütəxəssisinin fikrincə, Fransanın “Stad de Frans” stadionunda mayın 17-də keçiriləcək final görüşündə “Arsenal”-“Barselona” (və ya “Milan”) qarşılaşsa, oyun daha maraqlı və gərgin olacaqdır.