Yasamalda optik internet paylayıcı qurğular və velosiped oğurlayan şəxslər saxlanılıblar VİDEO
Bakı, 11 mart, AZƏRTAC
Yasamal Rayon Polis İdarəsinin əməkdaşları rayon ərazisində binaların girişlərində quraşdırılan internet provayderlərindən birinə məxsus optik paylayıcı avadanlığı oğurlayan paytaxt sakini Zaur Məmmədovu saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı onun rayon ərazisində ayrı-ayrı binalardan hər birinin qiyməti 520 manat olan beş ədəd optik internet paylayıcı qurğu oğurlayıb satdığı məlum olub. Həmçinin saxlanılan şəxsin Yasamal rayonunda daha bir yaşayış kompleksinin liftlərindən elektrik lampalarını oğurladığı da müəyyənləşdirilib.
Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat nəticəsində isə binaların girişlərində saxlanılan velosipedləri oğurlayan paytaxt sakini Sərxan Muğbilov saxlanılıb. Araşdırma zamanı onun iki velosipedi ələ keçirərək satdığı məlum olub. S.Muğbilovun törətdiyi sonuncu velosiped oğurluğu ərazidəki müşahidə kameraları vasitəsilə də lentə alınıb.
Hər iki faktla bağlı Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsində araşdırmalar davam etdirilir.
Z.Məmmədov və S.Muğbilovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə ərazi üzrə polis orqanlarına, habelə Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.