“YAŞAT” Fonduna ianələrin köçürülməsində Azərbaycan sahibkarları aktivlik göstərirlər
Bakı, 18 dekabr, AZƏRTAC
“YAŞAT” Fondunun fəaliyyəti ilə bağlı Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında (ASK) iclas keçirilib.
ASK-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə yaradılan “YAŞAT” Fonduna ianələrin köçürülməsində Azərbaycan sahibkarları aktivlik göstərirlər. Konfederasiyanın prezidenti Məmməd Musayev “YAŞAT” Fonduna ianələrin köçürülməsində sahibkarların daha da səfərbər olunması və bu xeyirxah addımların davamlı xarakter almasını təmin etmək üçün Konfederasiyanın vitse-prezidentləri, məsləhətçilər və icra aparatının iştirakı ilə iclas keçirib. M.Musayev bildirib ki, 44 günlük müharibə xalqımızı bir yumruq ətrafında birləşdirdi və Prezident-Ordu-Xalq birliyi nəticəsində torpaqlarımız işğaldan azad olundu. O, bütün iş adamlarını Prezident İlham Əliyevin bu nəcib təşəbbüsünə qoşularaq fərmanın icrasının təmin olunmasında maksimum aktivlik göstərməyə, birdəfəlik deyil davamlı olaraq bu istiqamətdə iş aparmağa çağırıb.