YAXIN 3 GÜNDƏ HAVA ŞƏRAİTİ METEOHƏSSAS İNSANLARDA NARAHATLIQ YARADA BİLƏR
Bakı, 5 oktyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, oktyabrın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağışlı olacağı, gündüz havanın arabir açılacağı, şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 14-16, gündüz 18-20 dərəcə isti təşkil edəcəkdir.
Oktyabrın 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, şimal küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 15-17, gündüz 19-21 dərəcə isti olacaqdır.
Azərbaycanın rayonlarında oktyabrın 6-7-də yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, yüksək dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı vardır. Oktyabrın 7-də gündüz yağıntının tədricən kəsiləcəyi, qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 12-15, gündüz 18-23, dağlarda gecə 4-8, gündüz 9-14 dərəcə isti olacaqdır.
Yaxın 3 gündə Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, buludlu, rütubətli və küləkli havaların üstünlük təşkil edəcəyi gözlənilir ki, bu da əksər meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.