YAXIN İKİ GÜN ƏRZİNDƏ DƏYİŞKƏN BULUDLU HAVA ŞƏRAİTİ GÖZLƏNİLİR
Bakı, 30 sentyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, oktyabrın 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı, axşama doğru buludluluğun artacağı gözlənilir.
Günün ikinci yarısında cənub-qərb küləyinin şimal küləyi ilə əvəz olunacağı, yarımadanın bəzi yerlərində güclənəcəyi ehtimalı vardır.
Havanın temperaturu gecə 17-20, günün birinci yarısında 27-31, axşam 23-25 dərəcə isti təşkil edəcəkdir.
Oktyabrın 2-də hava şəraitinin buludlu olacağı, gündüz arabir açılacağı, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. Şimal küləyinin əsəcəyi, axşama doğru arabir güclənəcəyi ehtimalı var.
Havanın temperaturu gecə 16-19, gündüz 22-24 dərəcə isti olacaqdır.
Azərbaycanın rayonlarında oktyabrın 1-2-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyinin əsəcəyi, ayrı-ayrı yerlərdə arabir güclənəcəyi ehtimalı var.
Havanın temperaturu gecə 18-21, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 21-26 dərəcə isti təşkil edəcəkdir.