Yəhudi icmasının sədri: Xocalı faciəsinin soyqırımı kimi tanınması üçün əlimizdən gələni əsirgəməyəcəyik
Bakı, 25 fevral, Həsrət Mahmudova, AZƏRTAC
Azərbaycan tarixən tolerant ölkə olub. Xüsusilə dünya yəhudilərdən üz çevirdiyi zamanlarda məhz Azərbaycan xalqı bizə qucaq açıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Hillel” Yəhudi icmasının sədri Boris Muşailov fevralın 25-də Bakıda Xocalı soyqırımının 23-cü ildönümü münasibətilə keçirilən anma mərasimində deyib.
“Hillel” Yəhudi Evində keçirilən mərasimdə icmanın sədri B.Muşailov çıxış edərək bildirib ki, Azərbaycanda müxtəlif dini və etnik mənsubiyyətə malik insanlar əsrlər boyu dinc şəraitdə birgə yaşayıblar. Burada möhkəm və sağlam təməllər üzərində qurulmuş, qarşılıqlı hörmətə əsaslanan tolerant cəmiyyət modelinin özünəməxsus və unikal forması mövcuddur.
XX əsrin ən dəhşətli faciələrindən danışan B.Muşailov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən qətliamın bəşəriyyətə qarşı cinayət olduğunu bildirib. “Bu cinayəti törədənlər cəzasız qalmamalıdırlar. Biz yəhudi icması olaraq Xocalı faciəsinin soyqırımı kimi dünyada tanınması üçün əlimizdən gələni əsirgəməyəcəyik”, - deyə yəhudi icmasının sədri qeyd edib.
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədr müavini Nərgiz Xələfova Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən danışıb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai siyasi məsələlər şöbəsinin əməkdaşı Səbuhi Rzayev Xocalı soyqırımının dünya ölkələrində tanınması istiqamətində sistemli iş aparıldığını, bir neçə ölkənin parlamentləri tərəfindən Xocalı faciəsinin soyqırımı kimi tanındığını diqqətə çatdırıb.
Sonra Ombudsman Aparatının nümayəndəsi Rəşid Rumzadə çıxış edərək, belə faciələrin bir daha yaşanmaması üçün dünya dövlətlərinin Xocalı soyqırımına münasibət bildirmələrinin vaxtının çatdığını qeyd edib.
AGAT-ın və onun nəzdində yaranan Milli İcmaların Gənclər Təşkilatlarının Koordinasiya Şurası tərəfindən təşkil olunan anma mərasimində Xocalı soyqırımından bəhs edən videoçarx nümayiş olunub.
Anma mərasimində ölkəmizdə fəaliyyət göstərən icmaların rəhbərləri Xocalı şəhidlərinin xatirəsini anaraq, onların ruhuna şam yandırıblar.