Yekaterinburqda Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
Yekaterinburq, 26 fevral, AZƏRTAC
Azərbaycanın Yekaterinburq şəhərindəki baş konsulluğunda Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində baş konsulluğun binası qarşısında bayraq yarıya qədər endirilib, soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş fotosərgi təşkil edilib. Anım mərasimində Azərbaycan diasporunun nümayəndələri, gənclər və baş konsulluğun əməkdaşları iştirak ediblər.
Tədbir iştirakçıları fotosərgi ilə tanış olub, soyqırımı qurbanların fotoşəkilləri önünə gül dəstələri qoyublar. İştirakçılara baş konsulluq tərəfindən hazırlanmış “Xocalıya ədalət!” broşürləri təqdim edilib. Mərasimdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirdə çıxış edən baş konsul Şöhrət Mustafayev, “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının sədri Şahin Şıxlinski və digər natiqlər Xocalı soyqırımı haqqında danışaraq tarixin ən dəhşətli cinayətlərindən biri olan bu qətliama beynəlxalq hüquqi qiymətin verilməsinin vacibliyini vurğulayıblar.
Natiqlər, eyni zamanda, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün tam bərpa edildiyini və Xocalıda soyqırımı qurbanlarının xatirəsinə ucaldılacaq memorialın təməlinin qoyulduğunu xüsusi qeyd ediblər.
Daha sonra tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı bəyanatı səsləndirilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Yekaterinburq