Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının X hesabat konfransı keçirilib
Bakı, 29 iyun, AZƏRTAC
İyunun 29-da Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının videoformatda X hesabat konfransı keçirilib.
YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın gündəliyi təsdiqləndikdən sonra YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva hesabat məruzəsi ilə çıxış edərək bu gün sıralarında 760 mindən artıq üzvü birləşdirən, nəinki ölkəmizin, regionun aparıcı siyasi təşkilatına çevrilən Yeni Azərbaycan Partiyasının cəmiyyətdə artan mövqeyindən, siyasi çəkisindən bəhs edib. Bildirib ki, YAP yarandığı gündən milyonların partiyasına çevrilib, siyasi əqidəsinə, tutduğu yola sadiq olub.
M.Abasquliyeva deyib ki, YAP Sabunçu rayon təşkilatı 1993-cü ilin yanvarında 30 nəfərdən ibarət təşkilat komitəsi ilə fəaliyyətə başlayıb: “IX konfransdan bu günə YAP Sabunçu rayon təşkilatının sıralarına 850 nəfər yeni üzv daxil olub. Hesabat dövründə 6 ərazi ilk partiya təşkilatı yaradılıb. IX konfransda təşkilatın 9951 nəfər üzvü var idi. Hazırda yeni üzvlərin daxil olması ilə bu rəqəm 10 min 801 nəfərdir. Onlardan 6122 nəfəri qadın, 4679-u kişi, 4253 nəfəri gənclərdir”.
Sonra YAP Sabunçu rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Nəbi Hacıyevin hesabat məruzəsi dinlənilib.
Müzakirələr zamanı 252 saylı məktəb ərazi ilk partiya təşkilatının sədri Xədicə Eminova, 74 saylı məktəb ərazi ilk partiya təşkilatının sədri Murad Zeynalov, YAP Sabunçu rayon Gənclər Birliyinin sədr müavini Sərxan Şahverdiyev, YAP Sabunçu rayon təşkilatının İdarə Heyətinin üzvləri Asif Qurbanov və Gülnaz Abdullayeva çıxış edərək təşkilatın hesabat dövründə gördüyü işlərdən bəhs ediblər.
Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyinin təmin edilməsi, ölkənin tərəqqisi, iqtisadiyyatın yüksəlişi, xalqın rifahının yaxşılaşması, uğurlu neft strategiyasının həyata keçirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması, ölkəmizin təhlükəsizliyinin təmin edilməsi iqtidarında olan ordunun daha da güclənməsi, 44 günlük Vətən müharibəsində əldə olunan parlaq Qələbə nəticəsində ərazi bütövlüyü təmin edilən Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi naminə ardıcıl siyasət həyata keçirilir. Bu proseslərdə YAP daim ön sıralarda olub.
Ə.Tağıyev YAP Sabunçu rayon təşkilatına gələcək fəaliyyətində uğurlar diləyib.
Konfransda YAP Sabunçu rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.