YENİ AZƏRBAYCAN PARTİYASI XOCALI SOYQIRIMI İLƏ BAĞLI TOPLANTI KEÇİRMİŞDİR
Toplantıda dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, diplomatik korpusun və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçiləri, Xocalı sakinləri iştirak etmişlər.
Əvvəlcə, Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, faciənin həqiqətlərini əks etdirən 15 dəqiqəlik film göstərilmişdir.
YAP sədrinin müavini, partiyanın icraçı katibi, Milli Məclisin deputatı Əli Əhmədov faciənin dəhşətlərindən danışmışdır. Qeyd edilmişdir ki, Xocalı soyqırımı Qarabağ müharibəsinin ən dəhşətli hadisəsi, erməni faşistlərinin orada törətdiyi vəhşiliklər isə bəşəriyyətə qarşı cinayətdir. O, erməni təcavüzkarları tərəfindən törədilən soyqırımının hələ də dünya ictamaiyyəti tərəfindən tanınmamasına, bəşəriyyətə qarşı bu qəddar cinayətə hüquqi-siyasi qiymətin verilməməsinə təəssüfləndiyini bildirmişdir. Milli Məclisin deputatları - Azərbaycanda Atatürk Mərkəzinin müdiri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov və professor Bəxtiyar Əliyev Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması üçün səylərin artırılmasının vacibliyini vurğulamışlar. Bildirilmişdir ki, qırğını törədənlər və onların havadarları bəşəriyyət qarşısında mütləq cavab verməlidirlər, cəzalarını almalıdırlar, yoxsa, belə faciələr yenə də baş verəcəkdir.
Xocalı faciəsinin şahidi Məmməd Şükürov, Xankəndinin keçmiş sakini Nadir Rəşidov, eləcə də Vüqar Qədirov, professor Həsən Mirzəyev şahidi olduqları və qohum-əqrəbalarının üzləşdiyi dəhşətli hadisələrdən danışmışlar.
Tədbirdə yazıçı-publisist Sabir Şahtaxtının YAP icra katibliyinin təşəbbüsü ilə hazırlanmış “Xəzəl oldu Xocalının Xəzəngülü” kitabının təqdimatı olmuşdur. Müəllif əsərin yazılma tarixindən danışmış, erməni əsirliyində əzablı günlər yaşamış Xocalı sakinlərinin yazdıqları acı xatirələri kitaba daxil etdiyini bildirmişdir.
YAP sədrinin müavini, icraçı katibi Əli Əhmədov ermənilərin törətdikləri vəhşilikləri real faktlarla əks etdirən kitabın xarici dillərə də tərcümə olunmasının vacibliyini vurğulamışdır.
Mərasimdə iştirak edən Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri Əli Həsən Əhməd Cəffər ölkəsinin Azərbaycanın haqq işini daim müdafiə etdiyini söyləmişdir. O, XX əsrdə insanlığa qarşı törədilmiş bu qəddar cinayətin cəzasız qalmasının yolverilməz olduğunu bildirmiş, bütün beynəlxalq təşkilatların Ermənistanı təcavüzkar kimi tanımasının vacibliyini vurğulamışdır. Səfir ölkəsinin Ermənistanla əlaqələr qurmamasının bir səbəbinin də onun Azərbaycanın haqlarını tapdalaması olduğunu qeyd etmişdir. İraqın Azərbaycandakı səfiri Ərşad Ömər İsmayıl Xocalı faciəsi kimi dəhşətli bir soyqırımına dünya ictimaiyyəti tərəfindən mütləq hüquqi-siyasi qiymət verilməsinin vacibliyindən danışmışdır.