Yeni nəşrdə Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin tarixi araşdırılıb
Bakı, 20 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Elm Tarixi İnstitutunun tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Ziyad Əmrahovun “Azərbaycan parlamentarizminin tarixi - 100” kitabı nəşr olunub.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) parlamentinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş tədqiqat əsərinin elmi məsləhətçisi institutun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli, elmi redaktoru Bakı Dövlət Universitetinin professoru Anar İsgəndərlidir.
Kitabda Azərbaycanın tarixi ərazilərinin İran və Rusiya arasında ikiyə parçalanmasından sonra müstəqillik uğrunda mübarizə mərhələləri, 1917-ci ildə çar Rusiyasının dağılmasından sonra AXC-nin yaradılması və parlamentinin formalaşdırılması uğrunda çətin mübarizə, parlamentin çıxardığı qanun və qərarlar tədqiq edilib. Bu qanun və qərarlar arxiv sənədləri, dövri mətbuat və tarixi ədəbiyyat əsasında araşdırılıb.
Tədqiqat əsəri Azərbaycanın tarixi ilə məşğul olan mütəxəssislər, eləcə də geniş oxucu dairəsi üçün nəzərdə tutulub.