Yığmanın kapitanı: İnanıram ki, qadın basketbolçularımız təsnifat oyunlarında xalqımızı sevindirəcək
Bakı, 25 yanvar, AZƏRTAC
“Qadınlardan ibarət 3x3 Azərbaycan millisinin “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq şansı çətin görünür. Çünki yeni heyət formalaşır və komandaya vaxt lazımdır”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında kişi basketbolçulardan ibarət Azərbaycan yığmasının və “Xəzri” klubunun kapitanı Amil Həmzəyev 3x3 millisinin Paris Olimpiadasının təsnifat mərhələsindəki şanslarını dəyərləndirərkən deyib.
Təcrübəli oyunçu qrupdakı komandaların güclü olduğunu bildirib: “Monqolustan son illərdə basketbolun bu növünə böyük diqqət ayırır. Hətta deyərdim ki, çox yaxşı vəsait yatırırlar. Onlar Serbiyadakı basketbol akademiyaları ilə əməkdaşlıq edirlər. Niderland millisinə gəlincə, heyətləri təcrübəli oyunçulardan ibarətdir. Uzun müddətdir birlikdə oynayırlar. Çili yığmasının da müəyyən qədər şansının olduğunu düşünürəm”.
Beynəlxalq turnirlərdə kişi basketbolçulardan ibarət 3x3 Azərbaycan yığmasının formasını geyinmiş 33 yaşlı oyunçu Honkonqda keçiriləcək qrup oyunlarının daha rahat olacağını söyləyib: “Dünya Qadın Seriyalarında da gördük ki, Azərbaycan millisi qeyri-sabit oyun nümayiş etdirir. Baş məşqçi Ratomir Deliç yığmanı Serbiyaya təlim-məşq toplanışına aparacaq. Komandanın hazırlıq prosesindən də çox şey asılı olacaq. Olimpiadaya vəsiqə qazanmaq üçün iki şans var. Düşünürəm ki, Macarıstandakı oyunlar daha çətin alınacaq. İnanıram ki, qızlarımız Azərbaycan xalqını sevindirə biləcək”.
Qeyd edək ki, yığma aprelin 12-14-də baş tutacaq ilk təsnifat oyunlarının B qrupunda Niderland, Monqolustan və Çili komandaları ilə qarşılaşacaq. Honkonqda keçiriləcək qrup görüşlərində ilk iki pilləni tutan komandalar təsnifat mərhələsinin yarımfinalına vəsiqə qazanacaqlar. Daha sonra yarımfinalda qalib olmuş komandalar finala, həlledici matçda qələbə qazanan kollektiv isə Olimpiadaya lisenziya əldə edəcək. İkinci təsnifat oyunları isə mayın 16-19-da Macarıstanın Debretsen şəhərində baş tutacaq. A qrupunda yer alan milli Almaniya, Polşa və Tunis seçmələri ilə üz-üzə gələcək.