CƏMİYYƏT
Yüksək patogen quş qripinə qarşı aparılan epizootoloji monitorinqlərin nəticələri açıqlanıb
![Yüksək patogen quş qripinə qarşı aparılan epizootoloji monitorinqlərin nəticələri açıqlanıb](/files/2023/1/1200x630/16784575213194343184_1200x630.jpg)
Bakı, 10 mart, AZƏRTAC
Respublika ərazisini yüksək patogen quş qripi xəstəliyindən qorumaq məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilmiş epizootoloji monitorinqlərin nəticələri açıqlanıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yüksək patogen quş qripi xəstəliyinə qarşı keçirilmiş epizootoloji monitorinqlər zamanı Biləsuvar, Şabran və Xızı rayonlarında Mahmudçala, Ağzıbir və Yaşma ovçuluq təsərrüfatlarında, Abşeron yarımadasında, Salyan, Ağcabədi və Lənkəran rayonlarında Abşeron, Şirvan, Ağgöl, Qızılağac milli parklarının su-bataqlıq, dənizsahili zonalarında və digər ərazilərdə vəhşi quşlara ümumi baxış keçirilib.
Xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə 55 baş müxtəlif növ vəhşi quş ovlanıb və onlardan patoloji materiallar götürülüb. Həmin müddətdə Bakı şəhərində, Siyəzən, Ucar, Cəlilabad və Beyləqan rayonlarında 6 sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisəsində 60 baş quşdan, Bakı şəhəri, Abşeron, Xızı, Ağcabədi, Siyəzən, Şabran, Salyan, Biləsuvar və Lənkəran rayonlarında ümumilikdə 162 ailə təsərrüfatında isə müxtəlif növ 486 baş ev quşundan laboratoriya müayinəsi üçün qan nümunələri götürülüb, quş damlarına ümumi baxış keçirilib və epizootoloji məlumatlar toplanılıb.
Monitorinq zamanı çöl və ev quşlarından götürülmüş nümunələr Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilib. Müayinələrin və ümumi epizootoloji müşahidələrin təhlili nəticəsində yüksək patogen quş qripi xəstəliyinin törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib.
Monitorinqlərin aparıldığı dövr ərzində təbiət ərazilərində, ailə və fermer təsərrüfatlarında quduzluq və xırdabuynuzlu heyvanların taunu xəstəliklərinə həssas heyvanlar arasında da müşahidələr aparılıb və xəstə və ya tələf olmuş heyvanlara rast gəlinməyib.
Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin və yerli Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və ərazi üzrə ovçuluq təsərrüfatı və milli parkların əməkdaşları və mütəxəssisləri iştirak ediblər.