YUNAN-ROMA GÜLƏŞİ ÜZRƏ RESPUBLİKA YIĞMA KOMANDASININ BAŞ MƏŞQÇİSİ ELÇİN CƏFƏROVUN ÇIXIŞI
-Möhtərəm cənab Prezident!
Əziz idmançılar və qonaqlar!
Bildiyiniz kimi, bir neçə gündən sonra olimpiya yığma komandamız müstəqil Azərbaycanın tarixində artıq dördüncü dəfə növbəti - Yay Olimpiya oyunlarına yola düşəcəkdir. Bir məşqçi kimi deyə bilərəm ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan ənənə - olimpiyaçıların xüsusi mərasimlə yola salınması hər bir idmançının məsuliyyətini, onun mübarizliyini, əzmkarlığını və ən nəhayət, vətənpərvərliyini əhəmiyyətli dərəcədə artırır. Biz daim yolasalma mərasimində ulu öndərin xeyir-duasını almışıq və bu, yarışlarda qələbə qazanmağımıza böyük kömək olubdur. Çox sevinirəm ki, ümummilli liderin arzuları reallaşır, onun qoyduğu ənənələr davam edir.
Mən fürsətdən istifadə edib, bütün idmançılarımızı olimpiyaçı adına layiq görüldüklərinə görə təbrik edirəm. Bu adın qazanılması o qədər də asan deyil və bu şərəf hər idmançıya nəsib olmur.
Dövlətimizin göstərdiyi diqqət və qayğı, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi tərəfindən Olimpiya oyunlarına hazırlığın ilk günlərindən başlayaraq tərtib edilən proqram və bu hazırlığın düzgün istiqamətdə qurulması, məqsədyönlü fəaliyyət və idmançılarımızın gərgin səyləri bugünkü uğurumuzun əsasını qoymuşdur. Bu müvəffəqiyyət biz məşqçiləri də ikiqat sevindirir.
Möhtərəm cənab Prezident!
Bütün idmançılar və məşqçilər həmişə Sizin qayğınızla əhatə olunmuşlar. Həmişə Sizin diqqətinizi hiss edirik. Bu isə idman sahəsində çalışan hər bir insan üçün çox vacibdir. Məhz bu qayğı daim idmançılarda ruh yüksəkliyi yaratmış, onları əzmlə mübarizə aparmağa, qələbə qazanmağa sövq etmişdir. Olimpiya oyunlarına yollanacaq idman heyəti adından Sizə dərin təşəkkürümü bildirirəm.
Mən məşqçi kimi güləş idman növünü təmsil edirəm. Güləşin ölkəmizdə nə qədər populyar olmasından yəqin ki, söhbət açmağa ehtiyac yoxdur. Lakin deməliyəm ki, ötən üç Olimpiya oyunlarında güləş idman növü respublikamızın idman salnaməsinə parlaq hadisələr və medallar bəxş etmişdir. Bu, Azərbaycan güləş məktəbinin potensialının güclü olmasını təsdiqləyən bir faktdır.
Mən çox vaxt almaq istəmirəm. Bu gün biz 44 lisenziyanın sahibiyik. Bu lisenziyalardan 16-sı güləşin payına düşür. Ümidvaram ki, idmançılarımız Pekin Olimpiya oyunlarında daha böyük əzmkarlıqla çıxış edəcək və yeni nailiyyətlər qazanacaqlar.
Bütün idmançılara dözüm və dəyanət, qələbə uğrunda var qüvvə ilə mübarizə aparmağı arzulayıram.
Diqqətinizə görə çox sağ olun.