RƏSMİ XRONİKA
YUNANISTANIN BAŞ NAZİRİ KOSTAS KARAMANLİSİN BƏYANATI
- Bu gün mən böyük məmnuniyyətlə Azərbaycan Respublikasının Prezidentini, əziz dostumu Afinada salamlayıram.
Sonuncu dəfə biz 2007-ci ildə görüş keçirmişik. Həmin görüş Türkiyə-Yunanıstan-İtaliya boru kəmərinin Türkiyə-Yunanıstan hissəsinin açılışına həsr olunmuşdu. Həmin vaxtdan etibarən bizim əməkdaşlığımız üçün yeni imkanlar yaranmışdır.
Azərbaycan Qafqazın çox mühüm ölkəsidir və Yunanıstanın bu ölkə ilə siyasi, iqtisadi və mədəni əlaqələri vardır. Eyni zamanda, biz həmin regionda təhlükəsizlik və sabitlik sahəsində də birgə səylərimizi göstəririk. Xüsusən də ki, Yunanıstan hazırda ATƏT-də sədrlik edir.
Yunanıstan və Azərbaycan əməkdaşlığı daha da genişləndirmək əzmindədir. Dünən biz mühüm sazişlər imzaladıq və bunların əsasında ikitərəfli münasibətlərimiz daha da inkişaf edəcəkdir. Bu gün keçiriləcək Yunanıstan-Azərbaycan biznes forumunda mən cənab Prezidentlə birgə iştirak edəcəyəm. Tədbir çərçivəsində biz iqtisadi sahədə münasibətlərimizi müzakirə edəcəyik.
Eyni zamanda, danışıqlarımız zamanı boru kəməri və enerji təhlükəsizliyi məsələlərini müzakirə etdik. Vaxt keçdikcə, hasilatçı və tranzit ölkə kimi Azərbaycanın rolu daha da artır. Yunanıstan birbaşa Azərbaycanda hasil edilən, oradan nəql olunan təbii qazın idxalçısıdır. Prezident Əliyev də xüsusi vurğuladı ki, bu əməkdaşlıq bizə daha yeni imkanlar açır.
Bir daha Sizi salamlayıram.