YUNESKO-NUN BAŞ DİREKTORU KOİŞİRO MATSUURANIN ÇIXIŞI
Xanımlar və cənablar!
İlk növbədə, onu demək istəyirəm ki, xanım Əliyeva burada çox gözəl bir nitqlə çıxış etdi. Heç bir mətndən istifadə etmədi. İndi mən tərəddüd edirəm ki, mətndən istifadə edim, ya etməyim. O, bizim üçün yaxşı bir nümunə göstərdi. Mən də çalışacağam ki, onun göstərdiyi nümunəyə uyğun olaraq öz sözlərimi bildirim.
Mən, eyni zamanda, xanım Əliyevanı bir daha salamlamaq, burada keçirilən tədbirlə bağlı şəxsən öz adımdan və YUNESKO adından öz minnətdarlığımı bildirmək istəyirəm. Belə tədbirlər keçirilməklə YUNESKO ilə Azərbaycan arasında əməkdaşlıq get-gedə daha da möhkəmlənir.
Son illər bir çox sahələrdə, xüsusən də, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq aparılmışdır. Xanım Əliyevanın fəaliyyəti bir çox konkret layihələrin həyata keçirilməsi ilə bizim yaddaşımızda qalmışdır. Xanım Əliyeva bu işləri görərkən nəinki Azərbaycan Respublikasının birinci xanımı, eyni zamanda, YUNESKO-nun xoşməramlı səfiri kimi qarşılıqlı münasibətlərimizin möhkəmlənməsinə olduqca böyük töhfə vermişdir.
Xanım Əliyeva, mən Sizə öz dərin minnətdarlığımı bildirirəm ki, bu istiqamətdə çox geniş və nümunəvi bir fəaliyyət göstərmisiniz. Mənim xatirimdədir, 2005-ci ildə Azərbaycana səfər etmişdim və biz təhsil sisteminin islahatları ilə bağlı ikinci konfrans keçirmişdik. Birinci konfrans burada keçirilmişdi. Bakıdakı konfrans zamanı təhsil sahəsinin islahatı ilə bağlı bir çox təşəbbüslər irəli sürülmüşdü. Bu baxımdan YUNESKO Azərbaycana öz yardımını göstərəcəkdir. Biz bu cür işlərin yüksək səviyyədə aparılmasından olduqca məmnunuq və bilirik, bu təşəbbüslərin əsas məqsədi Azərbaycanda təhsil sisteminin müasirləşdirilməsi ilə bağlıdır. Ümidvaram ki, Azərbaycanda gələcək nəsil üçün daha yüksək keyfiyyətli təhsilin təmin edilməsində böyük işlər görə biləcəyik. Gənclər üçün keyfiyyətli təhsilin təmin edilməsi Azərbaycan üçün çox vacibdir.
Eyni zamanda, xanım Əliyeva mədəniyyət sahəsindən də çox konkret misallar gətirərək, qeyri-maddi və maddi mədəni irs sahələrində aparılmış YUNESKO ilə Azərbaycan arasında əməkdaşlıq haqqında danışdı. Azərbaycanda bəzi abidələrin Dünya mədəni irs siyahısına salınması ilə bağlı fikirləri səsləndi. Biz qeyd etmək istəyirik ki, onlardan biri Qobustandır. Mən Azərbaycana səfərim zamanı xanım Əliyeva ilə birlikdə Qobustana getdim, orada Azərbaycan hökumətinin üzvləri də var idi. Orada Azərbaycan xalqının qədim tarixinin izlərini, qayaların üzərində olan təsvirləri görməkdən çox şad oldum. İndi bu sahədə işlər aparılır. Bu yaxınlarda Ümumdünya Mədəni İrs Komitəsinin iclası gözlənilir. Azərbaycanın da sənədlərinə baxılacaq və mən bu sahədə Azərbaycana uğurlar arzulayıram.
Eyni zamanda, demək istəyirəm ki, Azərbaycanda qeyri-maddi mədəni irsin çox gözəl nümunəsi var, bu, Azərbaycan muğamıdır. Artıq YUNESKO bu məsələyə xüsusi diqqət yetirərək, Azərbaycan muğamını qeyri-maddi mədəni irs siyahısına salmışdır. Mən Bakıda olarkən Beynəlxalq Muğam Mərkəzinin tikintisinin təməlinin qoyulması mərasimində şəxsən iştirak etdim. Xanım Əliyeva və Azərbaycan Respublikasının dövlət başçısı da həmin mərasimdə iştirak edirdilər. Mən ümidvaram ki, yenidən Sizin ölkənizə gələcəyəm ki, muğam mərkəzinin açılış mərasimində iştirak edim. Səbirsizliklə Bakıda növbəti görüşlərimizi gözləyirəm. Ümidvaram ki, biz bu işlərimizi başa çatdıracağıq və Azərbaycanın digər mədəni abidələri də qeyri-maddi mədəni irs siyahısına salınacaqdır.
Azərbaycan ilə YUNESKO arasında əməkdaşlığa dair konkret misallar gətirərək, eyni zamanda, hesab edirəm ki, gələcəkdə də görəcəyimiz işlər çoxdur. Bilirəm ki, Azərbaycanın çox gözəl musiqisi var, çox gözəl mədəni abidələri var və onların hamısı bu siyahıya salınmağa layiqdir.
Xanım Əliyeva, təşəbbüs göstərib bu mühüm tədbiri təşkil etdiyinizə görə Sizə minnətdarlığımı bildirirəm. Çox sağ olun.
X X X
Rəsmi hissədən sonra Azərbaycanın incəsənət ustaları geniş konsert proqramı ilə çıxış etmişlər. Böyük uğurla keçən konsertdə dünya şöhrətli fransız müğənnisi Patrisia Kaas bir neçə mahnı oxumuş, tamaşaçılara “Can, Azərbaycan!” sözləri ilə müraciət etmişdir.
Konsertdən sonra səhnə arxasına gələn Mehriban Əliyeva sənətçilərlə görüşüb səmimi söhbət etmiş, onlarla xatirə şəkli çəkdirmişdir.
Axırda Azərbaycan günü münasibətilə ziyafət verilmiş, qonaqlar zəngin mətbəximizin ləziz yeməklərini dadmışlar.