Yunis Hüseynov: Gəncədən olan futbol veteranları adından ölkə başçısına minnətdarlığımı bildirirəm
Bakı, 10 oktyabr, AZƏRTAC
“Sevindirici haldır ki, Gəncə şəhər stadionu təmirə bağlanacaq. Prezident İlham Əliyev arenanın yenidən tikilməsi üçün maliyyə ayırdı. İdmanın inkişafına xüsusi diqqət ayırdığı üçün dövlətimizin başçısına təşəkkür edirəm. Bütün veteran futbolçular adından ona öz minnətdarlığımı bildirirəm”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın veteran futbolçusu Yunis Hüseynov Prezident İlham Əliyevin Gəncə şəhər stadionunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında imzaladığı Sərəncam barədə danışarkən deyib.
Futbolun İnkişafı Fondunun Himayəçilər Şurasının üzvü olan mütəxəssis bildirib ki, Gəncə azarkeşləri arenanın yenidən tikilməsinə görə çox sevinirlər: “Stadion illərdir istifadəyə yararsız halda idi. İnanıram ki, yeni arenada “Kəpəz” klubu özünü yaxşı tərəfdən göstərib azarkeşlərini sevindirəcək. Hər bölgədə belə stadionlar tikilsə, çox yaxşı olar”.
Əslən Gəncədən olan veteran hücumçu Y.Hüseynovun sözlərinə görə, stadionun yenidən qurulması həm futbolçular, həm də azarkeşlərin xeyrinə olacaq: “Bildiyiniz kimi, Gəncədə azarkeşlərin sayı kifayət qədər çoxdur. Stadion yararsız halda olduğuna görə matçlar zamanı tribunalara yalnız 3 min nəfər tamaşaçı buraxılır. Amma yeni stadion hazır olandan sonra orada futbol oynamaq möhtəşəm olacaq. Futbolun gözəlliyi elə azarkeşlərdir. Oyunlara nə qədər çox fanat gələrsə, futbolçularda da o qədər çox ruh yüksəkliyi olar. Düşünürəm ki, azarkeşlər yeni stadionu dolduracaq və komandalarına dəstək olacaqlar. Bu dəstək sayəsində isə “Kəpəz” özünü meydanda daha yaxşı göstərə biləcək”.