Yüzə yaxın gəncin iştirakı ilə könüllülük mövzusunda parlament debatları keçirilib
Bakı, 18 dekabr, AZƏRTAC
“Könüllülər ili” çərçivəsində Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə “Parlamentdə könüllülük” debat forumu başa çatıb.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, on bölgəni təmsil edən gənclərdən ibarət 35 komandanın iştirak etdiyi forum çərçivəsində “ZOOM” platforması üzərindən onlayn təlimlər, məlumatlandırıcı görüşlər keçirilib və gənclər arasında parlament debatları formatında könüllülük mövzusunda müzakirələr aparılıb.
Layihənin final debat oyunu və bağlanış mərasimi onlayn qaydada təşkil olunub. Tədbirdə Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Tural Hümbətov, Azərbaycan Gənclər Təşkilatlarının Milli Şurasının sədri Azər Əliyev, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin sədri Canoğlan İlyasov, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Ülviyyə Axundova və 100-ə yaxın gənc iştirak edib.
Finalda Gəncə və Sumqayıt Dövlət universitetlərinin tələbələrindən ibarət “20-dən 50-yə” və Azərbaycan Neft və Sənaye Universitetinin tələbələrinin “Take the bate” komandaları “Könüllülüyün davamlılığı təmin olunmalıdır” mövzusunda debat aparıblar. Forumun qalibi “Take the bate” komandası olub. Bundan başqa, natiqliq qabiliyyəti ilə fərqlənən 10 gənc “Ən yaxşı natiq” nominasiyası üzrə mükafatlandırılıb.
Layihənin tərəfdaşları gənclər üçün müxtəlif imkanları özündə cəmləşdirən "GəncApp" mobil tətbiqi və gənclər arasında intellektual debat ənənələrini inkişaf etdirən Milli Debat Proqramıdır.
Qeyd edək ki, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi tərəfindən Azərbaycanda ilk dəfə virtual debatlar həyata keçirilib. Üç ayı əhatə edən birinci respublika virtual debat çempionatında 30-dan çox şəhər və rayonu təmsil edən 500-dən çox gənc iştirak edib və aktual mövzularda 100-dən çox debat oyunu baş tutub.