Zaqatala meşələrində monitorinq keçirilmişdir
Bakı, 24 avqust (AZƏRTAC). Zaqatala meşələrinin qırılması ilə bağlı yayılan məlumata aydınlıq gətirmək məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) komissiya yaradılmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, komissiya tərəfindən Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin (MMBM) xidməti ərazisinə aid Car meşəbəyliyinin 4, Muğanlı meşəbəyliyinin 7, Əliabad meşəbəyliyinin 2, Tala meşəbəyliyinin 3, Muxax meşəbəyliyinin 7, Danaçı meşəbəyliyinin 3 saylı dolaylarındakı 3 min 29 hektar sahədə monitorinq keçirilmişdir.
Monitorinq zamanı məlumatda göstərilənlər təsdiqini tapmamışdır. Baxış keçirilmiş sahədən cəmi 11 kiçik diametrli ağacın özbaşına kəsilməsi faktı aşkar edilmiş və komissiya üzvləri tərəfindən müvafiq akt tərtib edilərək təbiətə dəymiş 46,94 manat məbləğində ziyan təqsirkarlar tərəfindən ödənilmişdir.
Araşdırma zamanı Zaqatala MMBM-in ərazisində meşəbərpa tədbirlərinin həyata keçirildiyi, geniş sahələrdə ağac tingliklərinin əkildiyi və meşələrin ciddi şəkildə mühafizə olunduğu müəyyən edilmişdir.
Eyni zamanda, Muğanlı meşəbəyliyinin 7, Əliabad meşəbəyliyinin 6 və Danaçı meşəbəyliyinin 3 saylı dolaylarının yaşayış məntəqələrinə bitişik və yaxın sərhədlərində Zaqatala MMBM-nin əməkdaşları tərəfindən xəndək qazıldığı və ərazinin kol-kosla çəpərə alındığı da komissiya tərəfindən müəyyən olunmuşdur. Bundan başqa, meşə əkini aparılmayan yerlərdə insanların fəaliyyətinin, həmçinin mal-qaranın hərəkətinin məhdudlaşdırılması hesabına milyonlarla təbii bərpadan əmələ gəlmiş ağac qeydə alınmışdır.
Bunlarla yanaşı, rayonun Yuxarı Tala, Makov, Aşağı Tala, Əlibayramlı və Muğanlı kəndlərindəki ağac emalı sexlərində də yerli meşə materialları tapılmamışdır.
Xüsusi qeyd edilməlidir ki, Azərbaycan meşələrindən xammal kimi istifadə hallarının qarşısının alınması nəticəsində ağac emalı ilə məşğul olan fiziki və hüquqi şəxslərin respublikaya gətirdiyi ağac və ağac məhsullarının miqdarı 2002-ci ilə nisbətən 2012-ci ildə 5 dəfə artmışdır.