ZAQATALADA ANMA MƏRASİMİ KEÇİRİLMİŞDİR
Zaqatala, 25 fevral (AZƏRTAC). Zaqatala Rayon İcra Hakimiyyətində Xocalı soyqırımının 17-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.
İctimaiyyət nümayəndələrinin, rayonda məskunlaşmış məcburi köçkünlərin qatıldığı tədbirin əvvəlində Xocalı faciəsi qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək vəhşiləşmiş erməni millətçilərinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə 17 il bundan əvvəl fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində törətdikləri qırğının acı nəticələri barədə danışmış, həmin gün 613 nəfər soydaşımızın xüsusi amansızlıqla qətlə yetirildiyini, yüzlərlə insanın yaralandığını, 1275 nəfərin əsir götürüldüyünü xüsusi olaraq nəzərə çarpdırmışdır. Qeyd olunmuşdur ki, faciə zamanı 10 ailə tamamilə məhv edilmiş, 21 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərdən birini itirmişdir. Natiq bildirmişdir ki, yalnız ümummilli liderimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı aktı kimi təsbit olunmuş, Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlar atılmışdır.
Mərasimdə çıxış edən məcburi köçkünlər, ziyalılar, gənclər birmənalı şəkildə qeyd etmişlər ki, Xocalı faciəsi xalqımızı sarsıtsa da, onun dözümünü, iradəsini qıra bilməmiş, əksinə xalqımız bu mübarizədə daha da mətinləşmişdir. Çıxışlarda xüsusi vurğulanmışdır ki, Azərbaycan xalqı Ali Baş Komandanın əmri ilə torpaqlarımızı mənfur düşməndən azad etməyə hər an hazırdır.
Sonra tədbirdə iştirak edən xocalılılar adından Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.
Tədbirin sonunda məcburi köçkün ailələrinə yardım göstərilmişdir.