Zaqatalada məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlər başa çatıb
Zaqatala, 23 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıq çərçivəsində Zaqatala rayonunda yerləşən 111 və 112 saylı seçki dairələrində aşağı seçki komissiyalarının sədr, katib və üzvləri üçün maarifləndirici seminar-treninqlər başa çatıb. Yanvarın 17-dən başlanan treninqlərə hər iki seçki dairəsi üzrə ümumilikdə 558 nəfər cəlb olunub.
111 saylı Zaqatala-Balakən seçki dairəsi dairə seçki komissiyasının sədri Söhrab İsmayılov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, beş gün davam edən treninqlərdə dairənin tərkibində olan 50 seçki məntəqəsi üzrə 300 nəfər komissiya üzvü iştirak edib. Məşğələlər Mərkəzi Seçki Komissiyasının təlim kursunda iştirak etmiş Mübariz Laçınov və Səyavuş Hüseynov tərəfindən aparılıb.
Məntəqə seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsinin artırılması, seçkilər sahəsində onların bilik, bacarıq və vərdişlərinin daha da təkmilləşdirilməsi məqsədilə təşkil olunan treninqlərdə iştirakçılara seçki komissiyalarının strukturu, seçki komissiyaları üzvlərinin rol və vəzifələri barədə ətraflı məlumat verilib. Məşğələlərdə, həmçinin komissiya üzvlərinə seçki günü prosesləri və müstəsna hallar, səsvermə günü müşahidəçilərin hüquqları, seçki məntəqəsinin açılması, səsvermə prosesi, daşınan seçki qutusu ilə səsvermə prosesi, səslərin hesablanmasına hazırlıq, seçki bülletenlərinin təsnifatı, səslərin hesablanması və yekun protokolun doldurulması və digər məsələlər geniş izah olunub, metodiki tövsiyələr verilib, iştirakçıların sualları cavablandırılıb.
Söhrab İsmayılovun verdiyi məlumata görə, seçki dairəsinin tərkibinə daxil olan 50 seçki məntəqəsinin 38-i Zaqatalada, 12-si isə Balakən rayonunda yerləşir. Dəqiqləşdirilmiş son seçici siyahılarına görə, dairə üzrə 51 min 107 seçici qeydə alınıb. Onlardan 940 nəfəri 80-100 yaş arasındadır. 721 gənc isə bu seçkilərdə ilk dəfə səs verəcək.
112 saylı Zaqatala seçki dairəsində də məntəqə seçki komissiyalarının üzvləri üçün təşkil edilən maarifləndirici seminar-treninqlər başa çatıb. Dairə seçki komissiyasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, dörd gün davam edən treninqlərdə dairənin tərkibində olan 43 seçki məntəqəsinin sədr, katib və komissiya üzvləri, ümumilikdə, 258 nəfər iştirak edib.