“Zəfər döyüşündə yazılan məktub” adlı sənədli film çəkiləcək
Göyçay, 19 dekabr, AZƏRTAC
“Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyi Gənclər Fondunun dəstəyi ilə “Zəfər döyüşündə yazılan məktub” adlı sənədli filmin çəkilişinə hazırlaşır.
AZƏRTAC-ın bölgə müxbirinə ictimai birlikdən bildirilib ki, sənədli film Göyçay rayonundan olan Aprel döyüşlərinin qəhrəmanı, şəhid Teymur Qasımovun və II Qarabağ müharibəsindəki qəhrəmanlar və onların şücaətli həyat yoluna həsr olunacaq. Şəhidlik zirvəsinə ucalan göyçaylı qəhrəman oğullar haqqında çəkiləcək sənədli filmdə əsas məqsəd gənc nəslə vətənpərvərlik ruhu aşılamaq və şəhidlərimizin xatirəsini əbədiləşdirməkdir. Eyni zamanda, bu filmi çəkməklə qəhrəman şəhidlərimizin döyüş yollarını, xatirələrini yad etmək və onları yaddaşlarda yaşatmaqdır. Yaxın vaxtlarda sənədli filmin çəkilişinə başlanılacaq.
Qeyd edək ki, II Qarabağ müharibəsində Göyçay rayonundan yüzlərlə əsgər və zabit böyük şücaət göstərib. Silahlı Qüvvələrimizin cəmi 44 gündə Ermənistan ordusu üzərindəki tarixi qələbəsi sübut etdi ki, ordumuz güclü və qüdrətlidir, hər bir əsgər və zabit Vətən uğrunda canından keçməyə hazırdır. Əlbəttə, itkisiz müharibə olmur. Təəssüf ki, bu döyüşlərdə itkilər verdik, onlar şəhidlik zirvəsinə yüksəldilər. Allah onların hər birinə rəhmət eləsin!