“Zəfər Yolu” kitabı Türkiyə türkcəsində nəşr olunub
Bakı, 25 oktyabr, AZƏRTAC
Tanınmış yazıçı-publisist, tarix üzrə fəlsəfə doktoru İradə Əlilinin və jurnalist Vüqar Şahinoğlunun müəllifi olduğu “Zəfər Yolu” kitabı Türkiyə türkcəsində nəşr olunub.
AZƏRTAC xəbər verir ki, türk dilində çap edilən kitab qardaş Türkiyə oxucuları üçün nəzərdə tutulub.
Kitaba “Ön söz”ü Milli Məclisin deputatı Ceyhun Məmmədov yazıb. Nəşrin redaktoru Əməkdar jurnalist Elnarə Dərziyeva, məsləhətçiləri Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) aparatının əməkdaşı, yazıçı, şairə Azadə Novruzova, Hollandiyada yaşayan həmyerlimiz İlkanə Yusifova, Türkiyə türkcəsinə tərcümə edən filologiya üzrə fəlsəfə doktoru Kəmalə Ələkbərova, korrektorları ADU-nun tələbəsi Ləman Bağırlı, Səadət Tanrıverdiyeva, dizayneri Leyla Babazadədir.
Vətən müharibəsindən bəhs edən nəşrdə ölkə başçısının İkinci Qarabağ müharibəsi dövründə etdiyi çıxışlar, verdiyi fərmanlar toplanıb. Həmçinin Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonundan olan ictimaiyyət və media nümayəndələrinin fikirləri, köşə yazıları, müsahibələri öz əksini tapıb.
Xatırladaq ki, bir müddət əvvəl kitab Azərbaycan və ingilis dillərində də nəşr edilib.