“Zəkaların mübarizəsi” olimpiadasının Şirvan-Salyan regionu üzrə qalibləri müəyyənləşib











Neftçala, 12 aprel , Aydın Yavərzadə, AZƏRTAC
“Zəkaların mübarizəsi” olimpiadası çərçivəsində Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə şahmat turnirinin regional mərhələsi təşkil olunub. Turnirdə Şirvan, Neftçala, Biləsuvar, Salyan və Hacıqabul rayonlarını təmsil edən IX–XI sinif şagirdlərindən ibarət 5 komanda iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, FIDE qaydalarına əsasən təşkil olunan yarış gərgin və maraqlı qarşılaşmalarla yadda qalıb. Neftçala rayonunun şahmat komandası yüksək nəticə göstərərək rəqiblərini geridə qoyub və regional mərhələnin qalibi elan olunub. Biləsuvar rayonunu təmsil edən komanda II, Salyan rayonunu təmsil edən komanda III yerə layiq görülüb.
Şahmat turniri iki mərhələdən – regional və respublika mərhələlərindən ibarətdir. Bütün mərhələlər FIDE qaydalarına uyğun olaraq keçirilir. Ən yüksək nəticə göstərən komanda regional mərhələnin qalibi hesab olunur və növbəti mərhələdə – respublika yarışında regionu təmsil etmək hüququ qazanır.
Qeyd edək ki, “Zəkaların mübarizəsi” olimpiadasının əsas məqsədi şagirdlərdə fənlərin dərindən öyrənilməsinə marağı artırmaq, onların dünyagörüşünü genişləndirmək, sağlam rəqabət mühiti yaratmaq, müxtəlif regionlardan olan şagirdlər arasında dostluq əlaqələri qurmaq və ümumilikdə öyrənməyə təşviq etməkdir.