Zəngilan sakini: Uşaqlığımın yarım qaldığı torpaqlara qayıtmışam
Zəngilan, 13 may, AZƏRTAC
1993-cü ildə doğma Zəngilanımızdan məcburi köçkün düşdük. Həmin vaxt birinci sinif şagirdi idim. İllərlə bu yerlərin həsrətini çəkdik, arzu və ümidlə yaşadıq. Böyüdükcə Vətən həsrətini daha dərindən anlayırdım və inanırdım ki, uşaqlıq illərimin yarım qaldığı bu torpaqlara bir gün qayıdacağam.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri doğma Zəngilana qayıdan sakinlərdən biri, müəllim Günay Vəliyeva söyləyib.
“İndi ən böyük arzumuz gerçək olub, doğma Zəngilanımızdayıq. 41 yaşımda Zəngilana qayıtmışam və mənim yarım qalan arzularımı artıq övladlarım burada davam etdirəcək. Şəhərimiz yenidən qurulur, gözəl evlər inşa olunur. Ölkə rəhbərimiz İlham Əliyevə təşəkkür edirik. Onun sayəsində bu sevinc dolu günləri yaşayırıq. Bu torpaqlar şəhidlərimizin qanı-canı bahasına azad olunub. Ona görə də bu yerlər bizim üçün yalnız Vətən deyil, həm də müqəddəs ocaqdır. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin. Var olsun Azərbaycan Ordusu”, - deyə o əlavə edib.
Qeyd edək ki, bu gün Zəngilan şəhərinə 59 ailə olmaqla, 235 nəfər köçürülüb.
Müxbir - Aydın Yavərzadə