ZƏNGİLANIN İŞĞALINDAN 12 İL KEÇİR RAYON İCTİMAİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ BUNUNLA ƏLAQƏDAR ANMA MƏRASİMİ KEÇİRMİŞLƏR
Mərasimdən əvvəl rayon ictimaiyyətnin nümayəndələri Fəxri xiyabana gələrək ümummilli liderimiz Heydər Əliyevin xatırəsini ehtiramla yad etmiş, məzarı önünə gül qoymuşlar. Onlar Şəhidlər xiyabanında uyuyan qəhrəman Vətən oğullarının məzarlarını da ziyarət etmişlər.
Rayon icra hakimiyyətinin başçısı V.Quliyev mərasimdə çıxış edərək dövlətimizin qaçqınlara və məcburi köçkünlərə göstərdiyi qayğıdan, ölkəmizin iqtisadi inkişaf sahəsində əldə etdiyi nailiyyətlərdən, Dağlıq Qarabağ probleminin həlli sahəsində görülən işlərdən danışmışdır.
Çıxış edən digər natiqlər müxalifətin və onlarla əlbir olan xəyanətkar məmurların pozuculuq əməllərini hiddətlə pisləmişlər.
Sonda yığıncaq iştirakçıları bəyanat qəbul etmişlər. Bəyanatda deyilir:
“Təcavüzkar Ermənistanın 1988-ci ildən ölkəmizə qarşı başladığı ərazi iddiası, sonra isə ölkəmizi elan olunmamış müharibəyə cəlb etməsi Zəngilanın mərd oğullarını silaha sarılıb vətənimizin ərazi bütövlüyünün qorunmasına müsəlləh etmişdir. Lakin o zaman ölkəyə rəhbərlik edən AXC-Müsavat cütlüyünün səriştəsizliyi, torpaqlarımızın müdafiəsini təmin etmək əvzinə xəyanət yolunu tutmaları nəticəsində 1992-ci il dekabrın 10-na keçən gecə erməni silahlı birləşmələri Zəngilanın çox mühüm strateji əhəmiyyət kəsb edən Qazançı-Şayıflı ərazisində 13 kəndi işğal etməsi ilə nəticələndi ki, bu da az sonra rayonun süqutuna səbəb oldu.
Torpaqlarımız uğrunda gedən döyüşlərdə zəngilanlılar 235 nəfər şəhid verdi, 200 nəfərədək ömürlük şikəst oldu, onlarla ailə başçısız qaldı. Əhalimiz öz el-obasından didərgin düşdü.
Lakin bütün bunlar bizləri sındırmadı. Biz ulu öndərimiz Heydər Əliyevin siyasətinə, onun zəngin dövlətçilik təcrübəsinə inanıb, bütün məhrumiyyətlərə dözmüşük və doğma torpaqlarımıza qayıdana qədər bu inamımızda qətiyyətliyik çünki ümummilli liderimizin doğma Azərbaycanımızı xoşbəxt gələcəyə qovuşduracaq siyasi xəttini möhtərəm Prezidentimiz İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısının həyata keçirdiyi genişmiqyaslı tədbirlər müstəqil Azərbaycanımızın dünya birliyində nüfuzunu gündən-günə artırır, ölkəmizin iqtisadi qüdrətinin durmadan yüksəlməsi ilə nəticələnir. Azərbaycan sürətlə inkişaf edərək regionun aparıcı dövlətinə çevrilmişdir.
Bu uğurları gözü götürməyən radikal müxalifət ölkəmizdə sabitliyi pozmaq məqsədi ilə təxribatlar törədir. Onların bu iyrənc əməlləri zəngilanlılarda da dərin qəzəb və hiddət doğurmuşdur.
AXC-Müsavat cütlüyünün başında duranları biz hələ 1992-1993-cü illərdən tanıyırıq və heç kimə sirr deyil ki, onların dırnaqarası demokratiyadan dəm vuraraq canfəşanlıq etmələrinin arxasında ölkəmizdə hərc-mərclik yaratmaq, bu yolla hakimiyyətə yiyələnmək niyyəti durur. Məhz onların səriştəsizliyinin, xəyanətkarlığının, bacarıqsızlığının nəticəsidir ki, ölkəmizin 20 faiz ərazisinin əhalisi 12 ildir ki, məcburi köçkün həyatı yaşayır. Təkcə Zəngilanın 35 min nəfər əhalisi pərən-pərən düşərək respublikanın 43 rayonunda müvəqqəti məskunlaşmışdır.
Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi irimiqyaslı quruculuq işləri geniş xalq kütlələri tərəfindən böyük rəğbətlə qarşılanır. İqtisadiyyatımızın sürətli inkişafı, ordu quruculuğu sahəsində atılan uğurlu addımlar torpaqlarımızın işğaldan azad ediləcəyinə, məcburi köçkünlərin öz doğma el-obalarına qayıdacaqlarına real zəmin yaratmışdır.
Biz təəssüf hissi keçiririk ki, bəzi yüksək vəzifəli dövlət məmurları da müxalifətlə işbirliyi quraraq xəyanət yolu tutmuşlar. Bugünkü yığıncağımızın iştirakçıları xəyanətkar məmurların əməllərini hiddətlə lənətləyir. Möhtərəm Prezidentimiz İlham Əliyevin xəyanətkar məmurlar haqqında məlum Sərəncamılarını xalqımız kimi, zəngilanlılar da birmənalı qarşılamış və bəyəndiklərini bildirmişlər.
Biz – bu yığıncağın iştirakçıları bir daha bəyan edirik ki, dövlətə xəyanət, xalqa xəyanətdir. Belə mövqedə duran adamların hərəkətlərini qətiyyətlə pisləyirik. Dövlətimizin başçısı İlham Əliyevin ətrafında daha sıx birləşərək onun daxili və xarıci siyasətini bəyəndiyimizi bildiririk. Tam əminik ki, məhz bu siyasətə sədaqətlə xidmət bizi doğma torpaqlara qovuşduracaq. Tezliklə el-obamıza qayıdacağıq”.